Müəllifin fikrincə, Tunisdə bir gəncin özünü yandırmasıyla başlanan və 23 illik diktator Ben Əlinin devrilməsiylə nəticələnən xalq etirazlarının qonşu ölkələrə yayılacağı gözlənilmirdi
Azərbaycan servisi/Aran agentliyi
"Tunisdə, Misirdə və digər ölkələrdə baş verən hadisələrdən sonra Azərbaycan Respublikası, Ermənistan, Belarus və Özbəkistan hakimiyyətləri dərhal müstəqil ictimai birliklərə və müxalifət təşkilatlarına qarşı hücuma keçdilər"
Bunu ABŞ-da fəaliyyət göstərən "Eurasia Group" analitik mərkəzin prezidenti Yan Bremmer "The Japan Times" internet qəzetində dərc etdiyi məqalədə yazıb.
Müəllifin fikrincə, Tunisdə bir gəncin özünü yandırmasıyla başlanan və 23 illik diktator Ben Əlinin devrilməsiylə nəticələnən xalq etirazlarının qonşu ölkələrə yayılacağı gözlənilmirdi. Sonradan baş verənlər korrupsioner və avtoritar idarəçilikdən əziyyət çəkən insanlarda uzun illər yığılmış nifrətin alovlandığını göstərdi.
Müəllif yazır : "Bəzi ekspertlər "Ərəb baharı"nın Yaxın Şərq ölkələrindəki avtoritarizmə ciddi zərbə endirəcəyini, lakin hakimiyyət dəyişikliklərinin baş verməyəcəyini söyləyirdi. Amma artıq bütün region ölkələrini bürümüş korrupsiya, işsizlik və bahalığın xalqlarda kəskin qəzəb yaratdığının şahidi olduq".
Müəllif Tunis və Misirdəki inqilablardan qorxuya düşən qonşu ölkələrin avtoritar liderlərinin islahat və güzəştlərinin də xalqın illərdir yığılmış etirazını azaltmadığını vurğulayıb.
Amerikalı "Eurasia Group" araşdırma mərkəzinin prezidenti keçmiş sovet ölkələrinə rəhbərlik edən avtoritar rəhbərlərin keçmişdə olduğu kimi indi də ciddi narahatlıq keçirdiyini bildirib.