Bakıda müxalifət partiyalarının üzvü olan bəzi fəal tələbələr ali təhsil ocaqlarından çıxarılmaq təhlükəsiylə üzləşiblər
Azərbaycan servisi/Aran agentliyi
Bakıda müxalifət partiyalarının üzvü olan bəzi fəal tələbələr ali təhsil ocaqlarından çıxarılmaq təhlükəsiylə üzləşiblər.
"Qafqazinfo"-nun məlumatına görə, Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Tural Abbaslının oxuduğu Bakı Dövlət Universitetindən qovulub.
Universitetin jurnalistika fakultəsində magistr pilləsində təhsil alan Tural Abbaslının qovulmasına səbəb kimi bir neçə fənn üzrə kəsirinin olması göstərilirdi.
Tural Abbaslı bu il aprelin 2-də İctimai Palatanın Bakıda keçirdiyi sanksiyalaşdırılmamış mitinqdə tutulub, ona qarşı cinayət işi başlanıb və barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Digər bir məlumata əsasən, Bakı Dövlət Universitetinin tarix fakültəsinin 3-cü kurs tələbəsi Cavid Mehrəliyevin də universitetdən xaric olunub.
Cavid Mehrəliyevin dediyinə görə, universitetdən çıxarılmasının səbəbi kimi onun çoxlu dərs buraxması göstərilib. Amma, əslində onu müxalifətin mitinqlərində iştirak etdiyi üçün qovublar:
Xaric olunan tələbə deyib : "Əmr mənə aprelin 12-də verilib. Ancaq əmrin tarixi 5 aprel göstərilib. Həmin gün mən dərsə gəlmişəm. Dərsdə ola-ola mənə qaib yazıblar. Aprelin 5-də xaric olunsaydım, jurnalın qarşısına yazardılar ki, xaric olunub. Jurnalda adımın qarşısına xaric olunmağım haqqında qeydi aprelin 12-də yazıblar. Universitetin qaydalarına görə, qaib 100 saata çatanda xəbərdarlıq olunmalıdır. Ancaq mənə heç bir xəbərdarlıq edilmədən, yalnız həbsdən çıxandan sonra çağırıb hədə-qorxu gəlirlər."
BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova deyib ki, Cavid Mehrəliyev bundan əvvəlki 2009-2010-cu tədris ilində də 132 saat dərs buraxdığı üçün kursda qalıb. Bu ilki tədris ilində isə 158 saat dərs buraxdığı üçün universitetdən xaric olunub.
Cavid Mehrəliyev 2 aprel aksiyası zamanı 3 sutka inzibati həbslə cəzalandırılmışdı.