Tarix : 2011 Apr 23
Kod 22490

Azərbaycan Mübariz Ruhanilər Cəmiyyətinin bəyanatı

Möminlər yalnız Allaha və Onun Peyğəmbərinə iman gətirən, (iman gətirdikdən) sonra heç bir şəkk-şübhəyə düşməyən...
wellpromised/ Aran agentliyi

Şəhidlərin Rəbbinin adı ilə

 

Allah-taala müqəddəs Quranda buyurur:

Möminlər yalnız Allaha və Onun Peyğəmbərinə iman gətirən, (iman gətirdikdən) sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə mübarizə aparanlardır! Məhz belələri (imanlarında) sadiq olanlardır!» (Hucurat surəsi, 15)

Ey Allahı sevən müsəlman xalqımız, ey iman əhli, ey ruhanilər, ey alimlər, ey ziyalılar, ey namuslu və qeyrətli gənclərimiz, ana-bacılarımız!

Gün uzunu televiziya və radio şəbəkələrində bugünkü hakimiyyətə əl çalıb təriflər yağdırılır. Amma hakimiyyət dairələri və məmurları xalqın iradəsinin əksinə olaraq onları ağır şəraitdə, təqib, zülm, repressiya və iqtisadi çətinlik vəziyyətində saxlayır. Başqa sözlə, ölkə totalitar rejim şəraitində və krallıq əhval-ruhiyyəsi ilə idarə olunur. Məmurlar yuxarıdan qorxmadan və hesab-kitab məsuliyyəti hiss etmədən bütün ölkə boyu tüğyan və haqsızlıqla məşğuldurlar. Buna nümunə olaraq, Yevlaxda hamının gözü önünüdə icra başçısının ayaqqabı ilə müqəddəs məscidə girib müsəlman xalqı təhqir etməsini, müqəddəs Quranımızın qoruyucuları olan İslam alimlərinin şərlənərək zindanlara atılmasını, günahsız insanların bu zindanlarda çürüməsini və minlərlə haqsızlığı göstərə bilərik. Amma bu ağır şəraitdə haqsızlıqdan danışan və haqqı müdafiə edənlar çox azdır.

Buna bariz nümunə göstərək. AİP Bakı Şəhər İcra Hakimiyyətinə qanuna uyğun olaraq, müsəlman xalqın dərdlərini və problemlərini azad və sivil yolla deməkdən ötrü iki dəfə rəsmi müraciət etmişdir. Amma yuxarıda qeyd etdiyimiz kimi öz aləmlərində hər şeylə təmin olunmuş və özlərində heç bir problem hiss etməyən məmurlar sifarişli olaraq bu müraciətə hər dəfə rədd cavabı vermişlər.

Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərləri və azğın məmurlar bilməlidirlər: müsəlman xalq və mübariz ruhanilərə aydındır ki, bu ölkədə nə konstitusiya, nə də beynəlxalq qanunlara qətiyyən əməl olunmur. Bütün bu müraciətlər bəzilərinin hakmiyyətdə öz postunu qorumaqdan ötrü ağız dolusu “biz sivil ölkəyik” demələrinin və bu iddiaların tam əsassız olduğunu sübut etdi. Bakı Şəhər İcra Hakimiyyətinin on minlərlə müsəlmana ehtiramsızlıq etməsi, onlara sərbəst toplaşmaq üçün şərait yaratmaması və öz cavablarında açıqca qeyd etdikləri kimi mane olmaları bütün beynəlxalq, sivil insan haqlarına ən böyük ehtiramsızlıq sayılır. Həmçinin, konstitusiyanın 49-cu maddəsində “Sərbəst toplaşmaq azadlığı haqqında” oxuyuruq:

1. Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır.

2. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır.”

Müraciətə rədd cavab verilməsi tam şəkildə qanun pozuntusu və müsəlman xalqa təhqir kimi qiymətləndirilir.

Hüquqi cəhətdən, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunda icra hakimiyyəti strukturlarına dinc toplantı təşkilatçısına məsləhət vermək hüququ nəzərdə tutulmayıb.Vətəndaşların sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması bu qanunun 7,8 və 9-cu maddələrinin müvafiq tələbləri ilə əsaslandırılmalıdır. Bundan başqa heç bir məsləhət, tövsiyə nəzərdə tutulmur.

Müvafiq icra hakimiyyəti orqanının aksiyalarla bağlı müraciətlərə cavabında heç bir əsaslandırma yoxdursa və ya cavab qanunun 7,8 və 9-cu maddələri ilə əsaslandırılmayıbsa, toplantı təşkilatçısının məhkəməyə müraciət etmək hüququ yaranır. Məhkəmələr isə bu şikayətlərə 2 gün müddətində baxmalıdırlar.

Azərbaycan Mübariz Ruhanilər Cəmiyyəti bir daha dövlət məmurlarının nəzərinə çatdırır ki, ölkədə müsəlman xalqın müqəddəs Quranına və etiqadına ehtiramla yanaşılsın. Xalqa öz torpaqlarını, dinini, əqidəsini və şərlənərək zindanlara atılmış alim və inancıl qardaşlarını müdafiə etməkdən ötrü söz və sərbəst toplaşmaq azadlığı verilsin! Bunu da qeyd etmək lazımdır ki, müsəlman xalq başda mübariz ruhanilər olmaqla hər an öz torpağını, namus-qeyrətini, dinini və etiqadlarını müdafiə etməyə hazırdır. Bundan ötrü kimlərinsə icazəsinə ehtiyac yoxdur.

Bunu bizə hansısa xarici və ya daxili dövlət qanunları yox, hər şeyi yaradan və bütün varlığın sahibi uca Allah əmr edir və müsəlman xalq Allah və Onun buyurduqlarını hər şeydən üstün bilir!

 

  

  • Yazılıb
  • da (də) 2011 Apr 23