Tarix : 2011 Apr 23
Kod 22493

İlham Əliyevin islahat imitasiyası

Kiçik rayonlarda heç bir şey etməyən icra başçıları böyük rayonlarda necə islahat aparacaq
wellpromised/ Aran agentliyi

 Kiçik rayonlarda heç bir şey etməyən icra başçıları böyük rayonlarda necə islahat aparacaq

İcra başçılarının yerlərinin bir-biri ilə əvəzlənməsi davam etməkdədir. Ötən gün dövlət başçısı Ilham Əliyev Şamaxının icra başçısı N.Ismayılovu Sabirabada təyin edib. Balakənin icra başçısı Asif Məmmədov da Şamaxıya təyinat alıb. Bu, artıq icra başçılarının bu yolla birinci əvəzlənməsi deyil. Bundan əvvəl Yevlaxın icra başçısı Gəncəyə, Gəncənin icra başçısı isə Sumqayıta təyin olunmuşdu.

Bu dəyişikliklərdə daha bir diqqəti çəkən məqam əhalisinə görə kiçik rayonun icra başçısının daha iri rayona rəhbər gətirilməsidir. Özü də bu dəyişiklik keçmiş iş yerində fərqlənməyin müqabilində edilmir. Əksinə “yeni” icra başçıları daha çox problem və narazılıq olan rayona gətirilir. Ekspertlərin fikrincə, bu addımlar bir neçə məqsədə xidmət edir. Birinci məqsəd islahatlar aparıldığı görüntüsünün yaradılmasıdır. Digər bir məqsəd isə əhalidə narazılığın müəyyən dərəcədə azaldılmasına cəhd göstərilməsidir. Çünki yeni icra başçısının təyini rayon əhalisində müəyyən müddətə bəzi ümidlər yarada bilər.

AXCP sədrinin müavini Nurəddin Məmmədli bildirdi ki, dövlət başçısının icra başçılarını dəyişməsinin real islahatlarla heç bir əlaqəsi yoxdur. Siyasi idarəçilik kökündən dəyişməyəcəyi təqdirdə atılan heç bir addımın effektiv olmayacağını deyən N.Məmmədli vurğuladı ki, cəmiyyəti də bu cür addımlarla aldatmaq mümkün deyil: “Hazırkı rejimin idarəçilik metodu dəyişmədən, real və köklü islahatlar aparılmadan ölkədəki situasiyanı dəyişmək olmaz. Icra başçılarının bu cür dəyişdirilməsi sovet dövründən qalma üsuldur. O zaman da bir kadrın bir yerdə çox qalmasına imkan vermir, onların yerlərini dəyişdirirdilər”.

Müsavat funksioneri Gülağa Aslanlı da bildirdi ki, hakimiyyətin icra başçılarının dəyişdirilməsini islahat kimi təqdim etməsi reallıqla uyğun gəlmir. Icra başçılarını bu cür əvəzləməklə hakimiyyətin cəmiyyətdəki narazılığı yatıra bilməyəcəyini deyən G.Aslanlı vurğuladı ki, seçilən metod əks-effekt verəcək: “Əslində hakimiyyətin icra başçılarını bu cür dəyişməsi onu göstərir ki, iqtidarın vahid idarəçilik metodu yoxdur. Digər tərəfdən isə yeni icra başçılarının təzə yerlərində ”islahatlar" aparması isə onu göstərir ki, köhnə kadrlar heç bir işə yaramayıb. Hakimiyyət bu vasitələrlə cəmiyyətin ondan tələb etdiyini reallaşdıra bilməz. Hazırda çıxış yolu isə saxta parlamentin buraxılması və köklü islahatların aparılmasıdır". 

  • Yazılıb
  • da (də) 2011 Apr 23