Hakim partiyanın qəzeti 17 aprel aksiyası zamanı «Azadlıq» qışqıran qızcığazın anasına «bar qadını» dedi
wellpromised/ Aran agentliyi
İctimai Palatanın aprelin 17-də keçirdiyi aksiyanın az qala simvoluna çevrilən 5 yaşlı qızcığaz və onun anasına qarşı hakimiyyətyönlü mətbuatda kampaniya davam edir. Heç bir partiyanın üzvü olmayan bu qızcığazın anası neçə gündür ki, senzuradan kənar ifadələrlə təhqir olunur. Hazırda hakimiyyət mətbuatında çıxış edən “vətənpərvərlər” az qala bütün bəlalara görə bu qadını günahkar çıxarmağa çalışırlar. Amma məsələ burasındadır ki, nədənsə bu şəxslər aksiyalarda qadınlara, qocalara qarşı açıq zor işlədilən zaman etirazlarını bildirməyiblər. Əslində uşağın valideyninin bu cür təhqir olunması ilə həmin körpəyə daha böyük zərbə vurulur.
Bu çirkin kampaniyada hakim partiyanın qəzeti “Yeni Azərbaycan” xüsusi fəallığıyla seçilir. Həmin mətbu orqanın dünənki sayında aksiyada iştirak edən xanım təhqir olunur: “Sonradan aksiyada iştirak edən qadının kimliyi haqqında apardığımız araşdırma nəticəsində bəlli oldu ki, bu qadın 1977-ci il təvəllüdlü, Bayıl qəsəbəsində qeydiyyatda olan Gülnarə Quluzadədir. Onun müxtəlif adamlara borclu olduğu, borc sahiblərindən gizlənmək üçün öz evini kirayəyə verdiyi və hazırda Yasamal rayonu ərazisində kirayədə yaşadığı bildirilir. Onu da qeyd edək ki, G.Quluzadə heç bir yerdə işləmir, ”Həyat" ləqəbi ilə “Koral” barının daimi müştərisi kimi tanınır. Onun həyat yoldaşı və qardaşı cinayət məsuliyyətinə cəlb ediliblər və məhkum olunublar".
Leyla Yunus: «İqtidar özünü biabır edir»
Hüquq müdafiəçisi Leyla Yunusun fikrincə, aparılan kampaniya bir daha hakimiyyətin xislətini açıq şəkildə göstərir. L.Yunusun sözlərinə görə, hakimiyyət yol verdiyi kobud hüquq pozuntusuna görə polisi cəzalandırmaq əvəzinə öz addımlarına bəraət qazandırmaq istəyir: “Ağıllı adamlar səhvə yol verdikdən sonra onun düzəlməsi istiqamətində addımlar atırlar. Aprelin 17-də ”Sahil" bağında həm “Polis Haqqında Qanun”un tələbləri, həm də vətəndaşların sərbəst toplaşmaq hüququ kobud şəkildə pozulub. Beş yaşlı qızcığaza qarşı yol verilənlər isə ümumiyyətlə, heç bir məntiqə sığmır. Bütün bunlardan sonra hakimiyyət baş verənlərə görə üzr istəyə və bu addımı atanları cəzalandıra bilərdi. Xeyr, belə olmaz. Yenə də Azərbaycan hakimiyyəti öz mahiyyətinə uyğun olaraq baş verənlərə görə ana və uşağı günahkar bilir. Əslində bu cür kampaniya və deputatların məntiqsiz reaksiyası ilə iqtidar özünü biabır edir".
Novella Cəfəroğlu: «Bu, əxlaqsızlıqdır»
Hüquq müdafiəçisi Novella Cəfəroğlu da vurğuladı ki, hər bir vətəndaşın cinsindən, tutduğu sosial vəziyyətdən asılı olmayaraq öz hüquqlarını tələb etmək haqqı var. Aparılan kampaniya ilə balaca qızcığaza daha böyük mənəvi zərbənin dəydiyini deyən N.Cəfəroğlu qeyd etdi ki, heç kimin vətəndaşa qarşı bu cür adekvat olmayan güc işlətməyə səlahiyyəti yoxdur: “Xarici telekanallarda da göstərilən bu qızcığazın heç bir siyasi düşüncəsi yoxdur. O, sadəcə olaraq eşitdiyi ifadəni səsləndirir. Həmin uşağa qarşı bu cür zorun tətbiq olunması və daha sonra bu cür kampaniyanın aparılması əxlaqsızlıqdır. Bu, Azərbaycanın dövlətçiliyinə, imicinə vurulan ciddi zərbədir”.
"Azadlıq" qəzeti