Dünən Media Mərkəzdə Sülh və Demokratiya İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Leyla Yunus mətbuat konfransı keçirib
wellpromised/ Aran agentliyi
Çıxış edən Leyla Yunus deyib ki, mətbuat konfransı Azərbaycanda baş verən həbslərlə bağlıdır. Onun sözlərinə görə, son vaxtlar artan əsassız həbslər siyasi məhbusların sayının artmasına gətirib çıxaracaq:
“Həbslərlə bağlı bu bizim birinci mətbuat konfransımızdır. Növbəti belə konfransı aprelin 2-də keçirməyi nəzərdə tutmuşuq”.
Leyla Yunus qeyd edib ki, Sülh və Demokratiya İnstitutunun tərtib etdiyi siyahıda hazırda 60 nəfərə kimi siyasi məhbus var:
“Onlar polis tərəfindən qanunsuz olaraq tutulan vətəndaşlar və Azərbaycan İslam Partiyasının (AİP) üzvləridir. Baxmayaraq ki, onlara qarşı irəli sürülən ittihamlarla bağlı cinayətlər sübuta yetirilməyib, lakin onlar xeyli müddətdir ki, həbsdə saxlanılırlar”.
Leyla Yunus bəyan edib ki, son aylar ərzində qanunsuz həbs edilən AİP üzvlərinə qarşı məhkəmə həbs-qətimkan tədbirləri seçilərsə, onlardan 20-ə yaxını təzə siyasi məhbuslar ola bilər:
“Təbii ki, bu da bizim tərtib etdiyimiz siyasi dustaqlar siyahısına daxil ediləcək. Çünki, bilirsiniz 2011-ci ildə çoxlu repressiyalar baş verib. AİP rəhbəri və üzvləri tutulublar. Onlar azad söz dediklərinə görə həbs ediliblər, lakin onlara qarşı cinayət işi açılıb. Onları subuta yetirilməmiş qaydada 18 ay məhkəmə ilə saxlamaq mümkündür”.
Leyla Yunus may ayında onların işlərinə baxacaq hakimlərin adlarının açıqlanacağını söyləyib. Hüquq müdafiəçisi həmçinin bildirib ki, yaxın vaxtlarda daha 10 nəfər siyasi məhbus adı ala bilər. Leyla Yunus həmin 10 nəfərin adını da açıqlayıb:
“Onlar Hacı Mövsüm Səmədov (AİP-nın sədri), Hacı Vaqif Abdullayev (AİP sədrinin müavini), Hacı Zülfüqar Mikayılzadə, Dəyanət Səmədov, Firdovsi Məmmədrzayev, Rufullah Axundzadə (AİP-nın komitə sədri), Fəramiz Abbasov, Hacı Yusfi Ələkbərov, Azər Cəbiyev və Fəxri İlyasovdur. Bu məhbusalar iki yerə bölünürlər. Bir tərəfdə AİP üzvləridir ki, bunlara da ağır cinayət işi açıblar. Onları ən azı 10-15 il həbs gözləyir. Onlara qarşı ilk günlər polisə müqavimət və silah saxlama maddələri üzrə cinayət işi açılmışdı".
L.Yunus əlavə edib: "Lakin, sonradan onlara qarşı iş daha da ağırlaşdırıldı. Sülh və Demokratiya İnstitu isə onların həbsi ilə bağlı müvafiq bəyanət qəbul edərək bildirib ki, sözügedən şəxslər söz azadlığına görə tutulublar. Hakimiyyətin addımlarından belə çıxır ki, Bakıda hər kəs tutulmalıdır. Mən AİP sədrinin həbsini siyasi sifariş hesab edirəm. Ekspertizanın rəyi də bunları deyir.
İkinci qrupa isə müstəqil ruhanilər aiddir. Bu ruhanilər İranda təhsil alıblar, din elmini yüksək səviyyədə bilirlər. Azərbaycanda bunların sayı çox azdır. Onlar dini elmi üzrə professor hesab olunurlar. Bu adamlar ona görə tutublar ki, cəmiyyətdə müəyyən nüfuza malikdirlər. İqtidar AİP-in timsalında söz azadlığından qorxduğu üçün dindarları həbs etdirib. Çünki, AİP sədrinin sözünü hər kəs eşitmək istəyirdi, hər kəs ona inanırdı. Mən bir daha bəyan edirəm ki, Azərbaycanda dindarların həbsi siyasi sifarişdir. Hakimiyyətin əlində sübut yoxdur ki, dindarlar hansı səbəbə tutulublar. Biz bunu beynəlxaq aləmə də bu cür təqdim edəcəyik ki, Azərbaycanda həbslər siyasi sifariş əsasında həyata keçirilir”./salamnews/