İslamçıların aksiya keçirməsi üçün AİP Bakı Meriyasına müraciət edərək icazə verilməsini istəyib
wellpromised/ Aran agentliyi
İslamçıların aksiya keçirməsi üçün AİP Bakı Meriyasına müraciət edərək icazə verilməsini istəyib. Lakin iki dəfə Bakı Şəhər İcra Hakimiyyəti rədd cavabı verib. Bakı Meriyası İctimai Palataya Bibiheybət ərazisində sürücülük kursunun ərazisini təklif etsə də, islamçılara heç bir yer təklif olunmayıb. Bunun səbəbini hərə bir cür izah etsə də, siyasi təhlilçilərin əksəriyyəti bunu iqtidarın islamçıların güclü aksiya keçirmək iqtidarında olduğunu bildiyinə görə, icazə vermədiyini önə çəkirlər.
“Fəzilət” partiyasının sədri, politoloq Hacı Gündüz Hacıyevin fikri belədir ki, sərbəst toplaşmaq haqqında qanuna münasibətdə siyasi qüvvələr öz hüquqlarından istifadə etmək istəsələr də, buna imkan verilmir. Hətta bu halda belə ayrıseçkilik göstərilir. Ölkənin islamçılarına qarşı daha qərəzli münasibət tutulur. Əlbəttə ki, bu vəziyyətdə siyasi münasibətlər sistemi normal vəziyyətdə olmur, siyasi qüvvələr belə olan halda, bir-birini rədd edir, böhtanlar və təhqirlər işə düşür.
Partiya sədrinin fikrincə, islamçılara qarşı qərəzli mövqe heç bir qanuna müvafiq deyil. Onlara aksiya keçirmək icazəsinin verilməməsinin səbəbi isə, onların güclü elektorata sahib olmasıdır. İslamçıların istənilən yerə və istənilən sayda insan çıxarmaq gücünün olmasını xalqdan gizlətmək üçün, onların aksiya keçirmək istəyinə rədd cavabı verilir.