Tarix : 2011 Apr 30
Kod 22590

AKSİYASI İLƏ BAĞLI DAHA İKİ NƏFƏRƏ İTTİHAM ELAN OLUNDU

Azərbaycanda bəzi müxalifət partiyalarının razılaşdırılmamış 2 aprel aksiyası ilə bağlı daha iki nəfərə qarşı ittiham elan olunub
wellpromised/Aran agentliyi

İctimai Palatanın (İP) bu il aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə bağlı daha 2 nəfərə qarşı ittiham irəli sürülüb. Bu barədə APA-ya açıqlamasında Bakı şəhər prokurorunun müavini, aprelin 2-də İctimai Palatanın keçirdiyi razılaşdırılmamış aksiyada baş verənlərlə bağlı yaradılmış istintaq qrupunun rəhbəri Fazil Həsənəliyev məlumat verib. Onun sözlərinə görə, həyata keçirilən istintaq hərəkətləri nəticəsində aprelin 2-də baş verənlərlə bağlı daha 2 nəfərin hadisələrdə iştirakı sübuta yetirilib. Onlar Elnur İsrafilov və Rüfət Hacıbəylidir.

F. Həsənəliyev qeyd edib ki, artıq bu şəxslərə qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham elan olunub. Bunla da 2 aprel aksiyası ilə bağlı cinayət məsuliyyətinə cəlb edilərin sayı 13-ə çatıb.

F. Həsənəliyev hazırda fakt üzrə başlanmış cinayət işi ilə bağlı zəruri istintaq tədbirlərinin davam etdirildiyini qeyd edib.

Xatırladaq ki, aprelin 2-də baş vermiş hadisələrlə bağlı fakta görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

 

  

  • Yazılıb
  • da (də) 2011 Apr 30