Ruhanilərin əsassız olaraq, sifarişlə həbs edildiyini təsdiqləyən kifayət qədər sübutlar var
wellpromised/ Aran agentliyi
Ruhanilərin əsassız olaraq, sifarişlə həbs edildiyini təsdiqləyən kifayət qədər sübutlar var.
"Bizim Yol" qəzetinin əməkdaşları Gəncədə aclıq aksiyası keçirən ruhanilərin ailə üzvləri ilə görüşüb.
Artıq bir həftədir ki, Gəncədə həbs edilən dindarlar Azər Cəbiyev və Fəxri İlyasovun məhkəmə prosesi başlayıb. Məhkəmə prosesində təqsirləndirilən şəxslərin vəsatətləri qəbul edilmədiyi üçün onlar aclıq aksiyasına başlayıb. 5 gündür ki, davam edən aclıq aksiyası zamanı ruhanilərin səhhətində ciddi problemlər yaradıb.
Onların yaxınlarının və ölkənin tanınmış şəxslərinin müraciətinə baxmayaraq, dindarların aksiyanı dayandırmaq niyyətləri yoxdur.
Dünən onların ailə üzvləri və vəkilləri ilə görüşüb fikirlərini öyrəndik.
Xatırladaq ki, hər iki ruhani Azərbaycan-Gürcüstan sərhəddində saxlanıraraq, polisə gətirilib. Sonradan onlara polis şöbəsində xuliqanlıq etmələri ilə bağlı cinayət işi açılıb. Həbs edilənlər bu ittihamı qəbul etmir və həbslərinin sifarişli olduğunu deyirlər.
Fəxri İlyasovun evində Azər Cəbiyevin də yaxınlarını dinləmək imkanımız oldu.
Fəxri İlyasov İranın Qum şəhərində dini təhsil alıb. Gəncə şəhərində dini tədrislə məşğul olan Fəxri şəhərdə elmli dindar kimi tanınıb.
Bacısı Vəfa İlyasova deyir ki, onlar ailəlikcə inanclı insanlardır: «Mən özüm çadrada gəzirəm. Namaz qılırıq, bütün dini adət-ənənələrə riayət edirik».
Qardaşının xeyli zamandır ki, hədəfdə olduğunu deyən Vəfa xanımın sözlərinə görə, həbsindən xeyli əvvəl mülki geyimli şəxslər davamlı olaraq, onları rahatsız edib: «Gah, gəlib deyirdilər ki, dostuyuq, gah işlə bağlı soruşurdular. Biz həmin şəxslərin hüquq-mühafizə orqanlarının əməkdaşları olduqlarını hiss edirdik. Amma düşünmürdük ki, bu formada saxta qurama cinayət işi açarlar».
Qardaşının azyaşlı uşaqlarının olduğunu deyən Vəfa xanım bildirir ki, üç körpəni gözü yaşlı qoymaq Allaha da xoş getmir: «Allah, hər şeyi görür. Bu uşaqlar hər gün ataları üçün göz yaşı tökürlər».
Fəxrinin anası Sona İlyasova da övladının günahsız yerə tutulmasına dözə bilmir: «Mənim oğlum heç siqaret çəkmir. Namaz qılan uşaqdır. Deyirlər ki, polis şöbəsinə gətiriləndə orada xuliqanlıq edib, polis döyüb. Ağlı başında olan adam polis şöbəsində polis döyə bilərmi? Elşən İsmayılov adında polis öz başını divara çırpıb, deyib ki, guya bunlar edib».
Oğlunun günahsız olduğunu deyən Sonna İlyasova övladının bir siyasi fəaliyyətlə məşğul olmadığını deyir: «Mənim oğlum pis iş görmür. Gənclərə din öyrədir, pis yollardan çəkindirir. Onu niyə tuturlar? Axı, o günahsızdır? Onun üç balasını niyə gözü yaşlı qoyular?.
Fəxrinin yaxınları beynəlxalq qurumların, həmçinin, xarici ölkə səfirliklərinin bu işi diqqətdə saxlamasını xahiş edirlər. Onların sözlərinə görə, gənclərin dindar olduğunu əsas gətirən yerli hakimiyyət onların beynəlxalq təşkilatlarlar tərəfindən müdafiə olunmayacağını deyərək, uzun müddətli cəza alacaqlarını bildirirlər: «Deyirlər ki, Amerika dindarları müdafiə etmir. Biz gözləyirik ki, insan hüquqlarının müdafiəçisi kimi çıxış edən Amerika və başqa ölkələr dindarların günahsız həbsinə və məhkəməsinə diqqət göstərsin. Biz Amerikanın səfirliyindən bu işi diqqətdə saxlamalarını istəyirik».
Azər Cəbiyevin anası Ofeliya xanım da övladının şərləndiyini deyir.
Söhbətimizə qoşulan hər iki ruhaninin vəkili Elçin Namazov həbsin motivləri və məhkəmədə yol verilən qanunsuzluqlar barədə danışır. Vəkil deyir ki, bu həbsin səbəbləri dini fəaliyyətlə və hicab qadağasına edilən açıq etirazlarla bağlıdır: «Beləki, iş üzrə toplanmış sənədlərdə Cəbiyevin, İlyasovun və Musayevin hicab qadağasına etdiyi etirazlara görə profilaktik söhbətə çağırıldığı və məhz buna görə ölkədən çıxmasına qadağa qoyulduğu bildirilir. Ruhanilərin əsassız olaraq, sifarişlə həbs edildiyini təsdiqləyən kifayət qədər sübutlar var. Buna sübut kimi onların heç bir əsas və qərar olmadan Sərhəd-Keçid Məntəqəsində saxlanmasını (həmin məntəqə başqa inzibati ərazi vahidnin və polis olmayan digər icra sturukturunun tərkibinə daxildir), saxta ittihamlarla - polisi üzünə qoymaqla həbs olunmasını, rəsmi sənəndlərdə qeyd olunmasa da polis məmurları tərəfindən aşkar surətdə başqa dövlətin agenti olmaqda günahlandırılmasını, barəsində davamlı olaraq, qanunsuz addımlar atılmasını və s. göstərmək olar». Məhkəmə prosesində verilən vəsatətlərin heç birinin qəbul edilmədiyini deyən vəkilin sözlərinə görə, məhkəmə iclasının audio yazısını aparılmasına da icazə verilmir.
Vəkilin sözlərinə görə, işə baxan hakimlər qeyri-rəsmi də olsa ruhanilərin günahsız olduqlarını deyir: «Ancaq bildirirlər ki, verilən vəsatətləri təmin edə bilməzlər. Onlar bunu işin xarakterinə görə qərar qəbul etməkdən ehtiyatlanırlar».
Müdafiə etdiyi şəxslərin aclıq aksiyasına başladıqlarını xatırladan E.Namazov bildirir ki, onların vəziyyəti olduqca ağırdır: «İsrarlarımıza baxmayaraq, aksiyanı dayandırmırlar. Əgər onlara qarşı qanunsuzluqlara son qoyulmayanadək aksiya davam edəcək. Artıq ölüm aclığına başlayıblar. Tələbləri ədalətli məhkəmədir. Tələbləri hakimlərin sifarişlə hərəkət etməsinə son qoyulmasıdır. Tələbləri işlərinə qanuni baxılmasıdır».