Mayın 6-da Təhsil Nazirliyinin qarşısında orta məktəblərdə hicabın qadağan edilməsinə qarşı dinc aksiya keçirilmişdir
wellpromised/Aran agentliyi
Mayın 6-da Təhsil Nazirliyinin qarşısında orta məktəblərdə hicabın qadağan edilməsinə qarşı dinc aksiya keçirilmişdir. Aksiyaçılar hicabın qadağasına qarşı şüarlar səsləndirmişlər. Aksiyanın dinc xarakterli olmasına baxmayaraq, polis onlara qarşı zorakılıq etmiş, 100-ə yaxın insanı həbs etmişdir. Böyük sayda insana qarşı qeyri-insani rəftar tətbiq edilmiş, zorakılıq göstərilmişdir.
Bu gün bildirilib ki, Həbs edilən etirazçılardan təxminən 40 nəfər azad adilib.
Azadxeber.az-ın əldə etdiyi məlumata görə, 37-ci polis bölməsində saxlanılan 42 nəfərdən 36 nəfər azad edilib.
Son məlumatlara görə, 10-15 nəfər polis idarələrində saxlanılır.
Dünən AR Daxili İşlər Nazirliyinin mətbuat xidməti həbs edilən etirazçılarla bağlı bayanat verib. Bildirilib ki, Bakı şəhər Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 (bir qrup şəxs tərəfindən xuliqanlıq) və 221.2.2-ci (ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddələri ilə cinayət işi başlanmış və istintaqın aparılması Bakı şəhər Baş Polis İdarəsinin İstintaq idarəsinə həvalə olunmuşdur.
Qeyd edilən cinayətin təşkilatçıları və iştirakçılarının dairəsi müəyyənləşdirilməklə həmin şəxslər barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlərin görülməsi təmin ediləcəkdir.
Qeyd edək ki, Azərbaycan Respublikası məhkəməsi son aylar ərzində həbs olunan dindarları da oxşar maddələrlə azadlıqdan məhrum edib.