wellpromised/Aran agentliyi
HaqqYolu - Hicab qadağasına etiraz edən dindarların aksiyası amansızlıqla dağıdıldı; onlarla yaralı və həbs edilən var
Orta məktəblərdə hicaba qadağa qoyulmasına etiraz olaraq dünən paytaxtda dindarların növbəti aksiyası keçirildi. Təhsil Nazirliyinin qarşısında saat 11.00-da başlayan aksiyada min nəfərə yaxın dindar iştirak etdi. Aksiyaya “Hicaba azadlıq!” şüarı ilə başlayan dindarlara polislər zor tətbiq etdilər. Aksiya iştirakçılarının döyülməsində mülki geyimlilər də iştirak edirdi. Hətta bəzi mülki geyimli şəxslərin əlində kağıza bükülmüş armaturlar da vardı.
Dindarlar yolu kəsərək yoldan keçən maşınları da onlara qoşulmağa çağırdılar və yoldan keçən vətəndaşlardan bəziləri onlara qoşularaq şüar səsləndirdilər. Əraziyə gətirilən xeyli sayda polis tərəfindən sıxışdırılan və döyülən dindarlara Təhsil Nazirliyinin qarşısına toplaşmağa imkan verilmədi. Dəyənəklə döyülən dindarlar nazirliyin qarşısından keçən yoldan uzaqlaşdırıldılar. Polislər əsasən aksiya iştirakçılarının başından vuraraq onlara ciddi xəsarət yetirirdilər. Onlarla aksiya iştirakçısı həbs edildi və polis maşınlarına mindirilərək ərazidən uzaqlaşdırıldı. Əraziyə 50-dən çox polis maşını və bir neçə avtobus gətirilmişdi.
Bu vaxt nazirliyin binasının qarşısında Təhsil Nazirliyinin baş məsləhətçisi İlyar Vahabov göründü. Aksiyaçılar binanın qarşısına qaçaraq onun nə deyəcəyinə qulaq asmaq istədilər. İ.Vahabov isə polislərə qışqıraraq onları işlərinin öhdəsindən gələ bilməməkdə günahlandırdı: “Nə oldu, yığışdırın qurtarın da bunları. İçəridə səs-küydən oturmaq mümkün deyil”.
Aksiyaya gələn qadınların həbs edilməsinə dindarlar imkan vermədi. Xətai prospektindən dəmiryolu xətti yerləşən əraziyə tərəf sıxışdırılan dindarlar “Hicaba azadlıq!”, “Biz zülm etmərik, zülmə boyun əymərik!” və “Misir istefa!” şüarları səsləndirdilər. Daha sonra şüarlara “Allahu Əkbər!” kəlməsi də əlavə olundu. Bundan sonra isə əraziyə əlavə polis qüvvələri gətirildi və onlar aksiya iştirakçılarını qruplara bölərək dəyənəklə döyməyə, həbs etməyə başladılar. Əraziyə gələn Nəsimi Rayon Polis İdarəsinin rəis müavini Süleyman Nemətov isə aksiyada iştirak edən qadınları döyməyə başladı. Qadınları təpikləyən S.Nemətov, onların da həbs edilməsinə göstəriş verdi. Nəticədə həm də polislər tərəfindən döyülən və əlindəki “Quran” kitabı yerə atılan qadınlar polis maşınına mindirilib ərazidən uzaqlaşdırıldılar. Adının Zəhra olduğunu deyən dindar qadın əlindəki “Quran”ı havaya qaldıraraq dövlət başçısından hicab azadlığı tələb etdi: “Prezidentimiz görsün ki, bizim başımıza nə oyun açılır. Bura müsəlman ölkəsidir. Hər kəsin geyim azadlığı var. Hətta xristian ölkələrində belə hicab azadlığı var. Bu, mənim yolumdur, əqidəmdir. Heç kəs məni və qızımı bu yoldan döndərə bilməz. Mənim qızım artıq aylardır ki, dərsə getmir. Bu cür ədalətsizlik olmaz. İstədiyimiz yalnız hicab azadlığıdır. Allah xatirinə, bizi yolumuzdan döndərməyə çalışmayın. Yoxsa bu yolda xeyli sayda şəhidlər verəcəyik”. Qadının bu çıxışını görən polislər ona hücum edərək döyə-döyə maşına basıb apardılar. Aksiya zamanı polis gözyaşardıcı qazdan da istifadə etdi.
Polislər Təhsil Nazirliyi yerləşən binanın yaxınlığındakı dükan və mağazaların sahiblərinə ofisləri bağlamaq əmri verdilər. Bir saata yaxın davam edən aksiya dağıdıldı və yüzdən artıq dindar həbs edildi.
Qeyd edək ki, aksiya zamanı hadisə yerində olan əməkdaşlarımıza polis və mülki geyimlilər tərəfindən təzyiq edildi. Onlar vəsiqə təqdim etmələrinə baxmayaraq, zorakılığa məruz qaldılar və sıxışdırıldılar. Əməkdaşımızın fotoaparatı, telefonu və çantası əlindən alındı, ona təzyiq göstərilərək polis maşınına mindirmək istədilər. Daha sonra polislərdən biri onu sərbəst buraxsa da, fotoaparat qaytarılmadı.