“İnanmıram ki, ölkə prezidenti tələb etdiyimiz məsələlərin həllinə biganə yanaşsın”
wellpromised/Aran agentliyi
“İnanmıram ki, ölkə prezidenti tələb etdiyimiz məsələlərin həllinə biganə yanaşsın”. Bunu SalamNews-a açıqlamasında Azərbaycan İslam Partiyasının (AİP) sədri Elçin Manafov bildirib.
Elçin Manafov qeyd edib ki, partiyanın keçirmək niyyətində olduğu növbəti mitinqinin vaxtı prezidentə ünvanlanan müraciətin nəticələrindən asılıdır:
“AİP Baş Məclisinin toplantısında ölkədəki mövcud ictimai-siyasi vəziyyət, beynəlxalq aləmdə baş verən hadisələr müzakirə olunub, partiyanın dinc aksiya keçirmək barədə iki müraciətinə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mənfi cavabı və atılacaq növbəti addımlar barədə qərar qəbul olunub. Həmçinin qurum qarşısında duran növbəti vəzifələr müəyyənləşib, təşkilatı məsələlərə baxılıb. AİP Baş Məclisi ölkədəki mövcud ictimai-siyasi vəziyyətin qiymətləndirilməsi və çıxış yollarının araşdırılması zərurətini nəzərə alaraq, dövlət başçısı İlham Əliyevlə görüşmək, müzakirələr aparmaq məqsədi ilə prezidentə rəsmi müraciət təşəbbüsünü irəli sürüb. Hazırda partiyanın gündəmində dayanan əsas məsələ, mayın 11-də prezidentə müraciət göndərmək, onunla görüşmək və qeyd olunan məsələləri müzakirə etməkdir”.
Elçin Manafov həmçinin partiyanın Baş Məclisnin sadalanan məsələlərlə bağlı yekun bəyanat qəbul etdiyini bildirib. Elçin Manafov AİP gündəmdə saxladığı hicab və digər məsələlərin həlli ilə bağlı digər partiyaların da müsbət mövqedə olduğunu söyləyib.
Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində vasitəçi rolu oynayan beynəlxalq təşkilatların işindən narazılıq ifadə olunur. Qeyd olunur ki, Azərbaycan İslam Partiyası ölkəmizin ərazi bütövlüyünün uzun illər təmin olunmamasından ciddi narahatdır.
Elçin Manafov hicabın aradan qaldırılmasını insanların namusuna təcavüz kimi qiymətləndirib.
Partiya sədri həmçinin qeyd edib ki, hazırda AİP-nın 60 minə yaxın üzvü var və partiyanın əsas məqsədi ölkədə hakimiyyətə gəlmək deyil, İslam dəyərlərinə riayət etməkdir:“Buna baxmayaraq AİP qarşıdan gələn prezident seçkilərində də iştirak edə bilər. Bunun üçün partiyanın potensialı var”.
27 dəfə baxılıb