wellpromised/Aran agentliyi
Parçalanmış «monolit komanda» barədə...
Dünyada baş verən siyasi çevrilmələr Azərbaycana da öz təsirini göstərir. Narazı xalqların qələbə ilə nəticələnən demokratik etirazları Azərbaycan xalqında da canlanma və siyasətə ümid yaradıb. Hakimiyyət daxilində də bu təsirlərin mövcudluğu diqqətdən yayınmır.
Bir müddət əvvəl də bu tipli yenidəncanlanmaların yaratdığı nəticələr barədə məlumatlar vermişdik. Azərbaycan hakimiyyəti bir neçə qrupa bölünərək iqtisadi muxtariyyətlər şəklində idarə olunur. Ölkədə açıq şəkildə siyasətsizləşdirmə işi aparılır və tam bir urapatriot kütlə yaratmaq strategiyası tətbiq edilir. Amma bütün bunların ciddi nəticə verməyəcəyini anlayan qruplar fəal və peşəkar siyasi subyektlərə, bu mənada siyasi müxalifətə və fəallaşmaqda olan ictimai tendensiyalara reveranslar edirlər.
Bu məsələdə diqqəti cəlb edən, həm də diplomatik korpusun məmur korpusu ilə hansı məsafədə olmasıdır. Tutaq ki, bir qrup məmur daha çox xarici diplomatların diqqətində görünsə də, bəziləri ümumiyyətlə, bu aktivliyin kölgəsində qalmağa üstünlük verirlər.
Kəmaləddin Heydərovun öz ssenarisi...
Yaddaşlı oxucularımızın yadında olar, bir müddət öncə məlumat vermişdik ki, Kəmaləddin Heydərova yaxın müəssisələrdən birində ölkədə yeni yaranmaqda olan siyasi vəziyyət müzakirə olunub. Tərəfdarların gizli şəkildə fəallaşdırılması tapşırığı verilib. Söhbət ondan getməyib ki, Ilham Əliyevin hakimiyyəti saxlamağına dəstək verilsin. Müzakirə edilib ki, indiki siyasi konyunkturada Ilham Əliyev hakimiyyəti saxlaya bilməyəcək. Belə olan halda, Kəmaləddin Heydərovun öz ssenarisi işə düşəcək. Bu məlumatın doğru olub-olmadığını təbii ki, hazırda bizim təsdiqləmək imkanımız yoxdur. Və hər şeyi əlahəzrət zaman göstərəcək. Biz sadəcə olaraq, Kəmaləddin Heydərovun diplomatik korpusun diqqətində olmasının səbəblərini araşdırarkən bu məlumatı da gözdən keçirdik.
Ola bilər ki, həqiqətən də hakimiyyət daxilində hansısa müstəqil təşəbbüsün mövcudluğu kənardan da diqqəti cəlb edib. Bu isə ölkədə yeni yaranacaq siyasi vəziyyətin subyektlərindən biri olmağa cəhd edən qrup liderinin imkanlarını və iddialarını öyrənmək marağı da ola bilər. Digər tərəfdən, Kəmaləddin Heydərov Ilham Əliyevə ən yaxın şəxs imicini qazanmış biri kimi də diqqəti cəlb edə bilər. Unutmaq olmaz ki, onun adı həm də baş nazir postuna iddialılar siyahısının başındadır.
Ramiz Mehdiyev “bulanıq suda balıq tutur”
Ramiz Mehdiyev üçünsə, tamamilə başqa məsələlər əsasdır. Heç kimə sirr deyil ki, o, indiki hakimiyyətin siyasi addımlarını planlaşdıran və ən başlıcası, mövcudluğunun necəliyini təyin edən şəxsdir. Onun üçün başlıca meyar ölkədə daimi gərginliyin olması və bu gərginlikdən istifadə edərək hakimiyyətin birinci şəxsinə təsir imkanlarını artırmaq, ölkəyə nəzarəti gücləndirməkdir. Siyasi həbslər, söz azadlığına basqılar, jurnalistlərin başına gətirilənlər Ilham Əliyevin beynəlxalq aləmdəki imicini daha da sarsıdır və onu daxili inzibati faktora arxalanmağa vadar edir.
Bununla belə, Ramiz Mehdiyevə yaxınlığı zaman-zaman mediada yer alan Ramil Usubov da bu inzibati aparatın tərkib hissəsi kimi, özünə məxsus funksionallıq daşıyır. Ölkədə həqiqi bir polis rejimi fəaliyyət göstərir və buna görə də Ramil Usubovla ABŞ səfirinin görüşü diqqətdən yayına bilməz. Ramiz Mehdiyev hər nə qədər Rusiyaya yaxın biri kimi tanınsa da, Ramil Usubov bu təsirləri sezdirməməyə çalışır. Hazırkı vəziyyətdə isə hər iki məmur sistemi əllərində saxladıqları imicini yaratmağa cəhd edir. Bu isə həm rejimin qorunmasında, həm də onun erroziyaya uğramadan dəyişdirilməsində maraqlı olan qüvvələrin diqqətini cəlb edir. Bu baxımdan xarici medianın Ramiz Mehdiyevə diqqət ayırmamasının birinci səbəbi onun diqqət çəkməyə cəhd etməməsidirsə, ikinci səbəb də özünü hər bir şəraitə uyğun aparmağa hazır göstərməsidir.
Bəylər Əyyubov - fəal qeyri-siyasi
Son hadisələr Bəylər Əyyubovun adını tez-tez xatırlatdı. Onun siyasətlə açıq, ya da yarımaçıq formada məşğul olmadığı hər kəsə aydın olsa da, təzə təyin olunan bir sıra icra başçılarının təqdimatını məhz onun verdiyi barədə xəbərlər yayıldı. Bəylər Əyyubov haqqında yalnız müəyyən iqtisadi monopoliyalar istisna olmaqla, uzun-uzadı yazmaq mümkün deyil. Əlbəttə, onun mənsub olduğu etnik faktoru diqqətə almasaq.
Paşayevlər həm təbliğ, həm də antireklam olunurlar
Əlbəttə, Hafiz Paşayevin diplomatik təcrübəsi sadəcə, Bakıda bir QHT-akademiya yaratmaq üçün deyildi. Bu mənada, CNN-in ANS-ə istinadən yaxın günlərdə efirə verməyə hazırladığı veriliş diqqəti cəlb edir. Burada söhbət birinci xanım Mehriban Əliyevanın fəaliyyətinin təbliğindən gedir.
Digər tərəfdən, ABŞ səfiri ölkəyə gəlişindən az sonra birinci xanımla rəsmi görüş keçirmişdi. Bütün bunlara qədər isə hakim ailəyə məxsus bank hesablarına dair məlumatlar tirajlanırdı...
Təkcə İlham Əliyev...
Görünən odur ki, Qərb diplomatik korpusunun yalnız Ilham Əliyevlə münasibətləri yaxşı deyil. Başqa bütün məmur korpusu və hakimiyyətin mərkəzinə yaxın şəxslərlə kifayət qədər yaxşı münasibətlər qurmağa çalışırlar. Bu mənada Azərbaycanda yeni yaranmaqda olan siyasi vəziyyətin analoji ölkələrdəkindən daha fərqli olduğunu deyə bilərik.
/news/Azadlıq