Bakıda mayın 6-da keçirilmiş “Hicaba azadlıq” aksiyasına görə həbs olunanların sayı 9 nəfərə çatıb
wellpromised/Aran agentliyi
Bakıda mayın 6-da keçirilmiş “Hicaba azadlıq” aksiyasına görə həbs olunanların sayı 9 nəfərə çatıb. Həmişə olduğu kimi şərlənərək Cinayət Məcəlləsinin 221.2.2. (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 221.3. (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) məsuliyyətə cəlb edilən Telman İsmayılovun vəkili Dilqəm Ağayevin “Media forum” saytına verdiyi məlumata görə, onlardan 6-nın ad və soyadı məlumdur.
Bunlardan biri Füzuli rayonundan məcbiri köçkün Şirxan Orucovdur. O, ikinci qrup əlildir və eyni zamanda pnevmoniya xəstəliyindən əziyyət çəkir. Himayəsində iki azyaşlı uşağı var.
Tərlan İsmayılov Bakının Biləcəri qəsəbəsinin sakinidir. Subaydır.
Taleh Nadir oğlu Ələkbərov Biləsuvar rayonundandır. Evlidir, 1 qızı var.
Araz İsmayılov Bakı kəndlərindəndir.
Adları qeyd olunan 4 nəfər və adını dəqiqləşdirmək mümkün olmayan daha bir şəxs mayın 6-da, aksiya zamanı həbs olunublar.
Biləcəri sakini, elektrik Rəşad Cümşüd oğlu Vəliquliyev mayın 9-da həbs olunub. Qardaşı Elşad Vəliquliyevin “Media forum” saytına verdiyi məlumata görə, onu Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları evdən aparıblar: “Öyrəndik ki, Nərimanov Rayon Polis İdarəsindədir. Müstəntiqlə əlaqə saxlasaq da, bizə ittihamla bağlı hər hansı açıqlama vermədi. Sadəcə onu öyrəndik ki, mayın 11-də onu Bakı İstintaq Təcridxanasına köçürüblər”.
Elşad Vəliquliyev qardaşının “Hicaba azadlıq” aksiyasında iştirak etdiyini deyib.
Ailəsi Rəşad Vəliquliyevin hüquqlarını müdafiə etmək üçün vəkillə müqavilə imzalayıb. Vəkil Zaman Səmədov “Media forum”a açıqlamasında bildirib ki, mayın 17-də müqaviləsini Bakı Şəhər Baş Polis İdarəsinin istintaq və təhqiqat idarəsinin rəisi, istintaq qrupunun rəhbəri Nazim İsmayılova təqdim edəcək, daha sonra Bakı İstintaq Təcridxanasında Rəşad Vəliquliyevlə görüşəcək.
Aksiyada iştirakına görə həbs olunan Çingiz Novruzov isə Nərimanov Rayon Polis İdarəsinə mayın 13-ü, günorta saatlarında gətirilib və ona ittiham irəli sürülüb.
Digər iki nəfərin isə kimliyini dəqiqləşdirmək mümkün olmayıb.
Daxili İşlər Nazirliyi 6 may aksiyası zamanı həbs olunanların kimliyi barədə məlumat verməyib.