Tarix : 2011 May 16
Kod 22853

Dağlıq Qarabağ problemi arxa plana keçib

2011-ci il başlayandan Dağlıq Qarabağ problemi ilə bağlı hərəkətlilik, demək olar ki, müşahidə edilmir
wellpromised/Aran agentliyi

 

2011-ci il başlayandan Dağlıq Qarabağ problemi ilə bağlı hərəkətlilik, demək olar ki, müşahidə edilmir. İlin 5 ayı gedir, lakin prosesdə hər hansı tərpəniş yoxdur.

Nizamlamanın dalana dirəndiyi açıq görünür. Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri bildirib ki, Qarabağ məsələsinin müəyyən qədər arxa plana keçməsi 2011-ci il başlayandan Yaxın Şərqdə start götürən proseslə bağlıdır.

O deyib: Dünyada bir nömrəli məsələ Yaxın Şərqdə gedən proseslərdir. Bu proses Qarabağ məsələsi kimi uzun müddətdən bəri ortada olan problemləri bir qədər diqqətdən kənara qoyub. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Qarabağ danışıqları artıq dalana dirənib. Çünki tərəflər arasında heç bir yaxınlaşma görünmür. Ermənistan referendum yolu ilə Dağlıq Qarabağa müstəqillik istəyir. Azərbaycan isə Dağlıq Qarabağa Azərbaycanın ərazi bütövlüyü, suverenliyi çərçivəsində hər hansı statusun verilməsinə razıdır. Bu, iki bir-birinə zidd olan mövqeləri yaxınlaşdırmaq mümkün olmayıb. Prezidentlər arasında axırıncı Soçi görüşü də göstərdi ki, proses artıq birmənalı olaraq dalana dirənib.

Politoloqun sözlərinə görə, Dağlıq Qarabağ məsələsini arxa plana keçirən digər bir məsələ Rusiyanın daxilindəki siyasi situasiya ilə bağlıdır: “Rusiya 2012-ci ildə keçiriləcək prezident seçkilərinə köklənib. Orada əsas iddiaçılar olan hazırkı prezident Medvedyevlə indiki baş nazir Putin arasında çox ciddi rəqabət mövcuddur. Bu cür güclü siyasi mübarizə kontekstində Dağlıq Qarabağ məsələsində Rusiya tərəfindən hər hansı müsbət irəliləyişə nail olmaq çox çətin görünür. Hətta Medvedev buna nə qədər çalışsa belə, Putin prosesin durdurulmasına, neytrallaşdırılmasına imkan verəcək qədər güclüdür. O baxımdan da əminliklə demək olar ki, Rusiyanın özündə siyasi proseslər öz həllini tapmayana qədər Dağlıq Qarabağ prosesində hər hansı irəliləyiş, fəallıq olması mümkün görünmür”-dey Natiq Miri söyləyib.

Ekspertin fikrincə, son dövrlərdə Azərbaycan R-nın hərbi ritorikada daha çox danışması dünya güclərini narahat edib. Bu və dünyada geopolitik vəziyyətin dəyişməsi hərbi əməliyyatlara da imkan vermir. Faktiki olaraq hərbi əməliyyatların keçirilməsi də arxa plana keçib. İndi Azərbaycanın belə bir siyasi ortamda hərbi əməliyyatlara başlaması Azərbaycan üçün arzuolunmaz situasiya yarada bilər. Dünya güclərini, hətta beynəlxalq hüququ da Azərbaycanın maraqlarının əleyhinə çevirə bilər. Ona görə də Qarabağ məsələsində hərbi əməliyyatlar variantının tətbiqi də yaxın zamanlar üçün mümkün görünmür.

 

  

  • Yazılıb
  • da (də) 2011 May 16