Tarix : 2011 May 17
Kod 22869

QAT Eurovision təşkilatçılarını peşman edəcək

Xəbər verildiyi kimi, Azərbaycanın ''Eurovision-2011'' mahnı müsabiqəsində qələbəsinin nəticəsi olaraq, gələn il müsabiqə ölkəmizdə keçiriləcək
wellpromised/Aran agentliyi

Xəbər verildiyi kimi, Azərbaycanın "Eurovision-2011" mahnı müsabiqəsində qələbəsinin nəticəsi olaraq, gələn il müsabiqə ölkəmizdə keçiriləcək.

Artıq "Eurovision" müsabiqəsinin icraçı direktoru Jon Ola Sand Azərbaycan Respublikasına ev sahibliyini həvalə edib və ev sahibliyini təsdiqləyən sənədi ölkəmizin "Eurovision" müsabiqəsi üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimliyə təqdim edib.

"Eurovision-2011" müsabiqəsi Avropa səviyyəsində keçiriləcək bir müsabiqədir və arzu edən Avropa ölkələri bu müsabiqədə iştirak edirlər. Məlum məsələdir ki, tarix boyu Azərbaycan xalqına düşmən münaibət bəsləyən, minlərlə azərbaycanlını qətliam edən və 20% torpağını işğal altında saxlayan işğalçı Ermənistanın da nümayəndələri bu tədbirdə iştirak edəcəklər. Amma hələ ki, dövlət rəsmiləri Ermənistanın keçirələcək tədbirdə iştiraklarının təmin olunması haqda heç bir məlumat verməyiblər. Daim Ermənistan nümayəndələrinin Azərbaycana səfərləri zamanı etiraz aksiyaları keçirən Qarabağ Azadlıq Təşkilatının bu məsələyə münasibətinin necə olacağını bilmək üçün QAT sədri Akif Nağı ilə əlaqə saxlanılıb. Məsələ ilə bağlı FaktXeber.com-a açıqlama verən Akif bəy bildirib ki, heç bir halda Ermənistan nümayəndə heyətinin bu tədbirə qatılmasından söhbət belə gedə bilməz: “Biz onların Bakıya gəlməsilə razılaşa bilmərik və razılaşmayacağıq. Artıq indidən də öz mövqeyimizi bildiririk ki, Azərbaycan hakimiyyəti bu məsələ ilə bağlı düşünsün və beynəlxaq təşkilatlarla danışıqlar aparsın. Heç bir halda belə bir şey mümkün deyil və ermənilər Bakıya gəlməməlidirlər. Ermənilər işğalçı bir ölkə olduğundan, onların belə bir tədbirdə, xüsusilə Bakıda keçiriləcək tədbirdə iştirak etmək haqqları yoxdur. Əgər yadınızdadırsa, bundan əvvəlki illərdə Moskvada keçirilən “Eurovision” yarışında Gürcüstanın iştirakı təmin olunmadı. Gürcüstanın iştirakının təmin olunmamasına səbəb isə Rusiya ilə aralarında olan münaqişə olmuşdu. Həmin ərəfədə Gürcüstan rəsmiləri beynəlxalq təşkilatlarla danışaraq, belə bir razılıq əldə etmişdilər. Azərbaycan tərəfi də gələn il keçiriləcək “Eurovision” müsabiqəsində eyni cür addım atmalıdır. Buna görə də, ermənilərin Bakıya gəlməsi bir mənalı olaraq qəbul olunmazdır. Azərbaycan tərəfi erməniləri Bakıya dəvət etməklə, guya özünü tolerant ölkə kimi göstərməməlidir. Artıq dünya da bunu başa düşməlidir. Əgər ermənilərin təşkil olunacaq müsabiqədə iştirakı təmin olunsa, Qarabağ Azadlıq Təşkilatı elə addımlar atacaq ki, müsabiqəni təşkil edənlərin özləri peşman olacaqlar. Necə ki, bundan əvvəl erməni nümayəndələrinin NATO generalları ilə birlikdə Bakıya gəlməsinin qarşısını almaq üçün Qarabağ Azadlıq Təşkilatı aksiya keçirərək ermənilərin Bakıya gəlməsinin qarşısını almağa müyəssər oldu. Bu dəfə belə bir şey olsa, əvvəlkilərdən də daha sərt etirazımızı bildirəcəyik.”

Məlumat üçün bildirək ki, Azərbaycanın 20 faiz torpağı işğal altında olmasına, milyonlarla vətəndaşı öz torpağından didərgin düşməsinə baxmayaraq, ölkəmiz “Eurovision” müsabiqəsinə ev sahibliyi edəcək.

 Maraqlıdır ki, bu yarışmaya ayrılacaq milyonlarla manatlar əhalinin rifahının yaxşılaşdırılması, yeni iş yerlərinin açılması və ölkədə bərbad vəziyyət olan təhsil ocaqları, xəstəxanalar və digər yerlərin təmir olunmasın ayrılmır. Azərbaycanda "Eurovision” sevinci o halda baş verir ki, şəhid ailələri, Qarabağ müharibəsinin veteranları acınacaqlı, çətin və kasıb şəriatdə yaşayır.

 

  

  • Yazılıb
  • da (də) 2011 May 17