Gürcüstanda “Müsəlmanlar İdarəsi” adlı bir qeyri-hökumət qurumu yaradıblar, Allahşükür Paşazadə bundan narazı qalıbdır
wellpromised/Aran agentliyi
Gürcüstanda “Müsəlmanlar İdarəsi” adlı bir qeyri-hökumət qurumu yaradıblar, Azərbaycanın şeyxülislamı Allahşükür Paşazadə bundan narazı qalıbdır. Deyir, bu birtərəfli yanaşmadır, uzun müddətdir davam edir: “Gürcüstan üzərində dörd xaç olan bayrağı qəbul edəndən belə münasibət yaranıb”. Şeyxin Gürcüstan nümayəndəsi isə lap kəskin etiraz edib, deyib GMİ-ni (Gürcüstan Müsəlmanlar İdarəsi) yaradanların heç birisi ruhani deyil, “dünyəvi şəxslərdir” - sitat həmin zata məxsusdur - gərək onlar bunu yaratmasın və sairə.
Doğrudur, Allahşükür bəy mümkün qədər diplomatik etiraz edib, gördüyünüz kimi, onun açıqlamasından heç bir nəticəyə gəlmək olmur. Yəqin ümid edir ki, ordakı “dükanı” geri qaytarmaq mümkündür. “Bəlkə də qaytardılar” - klassikimiz demişkən. Ancaq gürcülərin bayrağında xaç təsvirini xüsusi vurğulamağın mənası nədir? Gürcülər də qayıdıb bizə “niyə sizin bayraqda ay-ulduz, yaşıl rəng var” desələr nə olacaq? Başqa ölkələrin bayrağına qarışmaq qətiyyən şeyxin işi deyil.
Başqa yöndən, şeyx birdəfəlik anlamalıdır: daha onun qatarı gedib, heç kim onun din adına açdığı dükanlar şəbəkəsində qulluqçu olmaq fikrində deyil. Saxta, rus imperiyasından qalma “Qafqaz Müsəlmanları İdarəsi” də iflasa məhkumdur. Axı heç islam dinində idarə anlayışı da yoxdur! Burada hansısa dini idarə yaradıb “Roma papası” kimi o idarənin rəhbərinə təzim eləmək anlayışı yoxdur. Müsəlmanların dini kitabı “Quran”da onları dini idarədə birləşdirib rəhbərliyə şeyx qoymaq kimi müddəa yazılmayıbdır.
Allahşükür bəyin Gürcüstan müsəlmanlarının qayğısına qalması burdan baxanda çox gülməlidir. Çünki Azərbaycanda son illər müsəlmanların haqqlarının tapdanması, əqidə azadlığının pozulması faktları saysız-hesabsızdır. Ancaq Paşazadə cənabları bu faktların birində də qabağa durmayıb, ağrımayan başına buz bağlamayıb. “Mənə dəyməyən hökumət min yaşasın” - şeyxin həyat prinsipi budur. İndi onun burdan Gürcüstanın daxili işlərinə barmaq uzatmasına ehtiyac varmı? Adama deməzlərmi ki, sən get öz ölkənin dərdini çək?
Şeyxin Gürcüstan nümayəndəsi Hacı Əli Əliyevin “onlar dünyəvi insanlardır” açıqlamasının da şərhə ehtiyacı var. Məntiqlə, kim ruhanidirsə deməli dünyəvi insan deyil. Məsələn, Allahşükür bəy özü dünyəvi deyilmiş... Əcəbdir. Siz heç ruhani halın bu cür maddi tərəqqi tapmasına şahid olmusunuz? Əsl dialektik materializmdir. Daha bu mövzuya aid sözüm yoxdur.
Ruhdan söhbət düşmüşkən, bugünlərdə başıma əcaib olay gəlmişdir - özümdən məktub almışam. Təəccüblənməyin, elektron poçtuma şəxsi ünvanıma hərfbəhərf bənzəyən bir adresdən məktub gəlmişdi. Baxıram ki, özünü “Hacı Zamin” adlandıran bu yoldaş yazır: “Salam, sizi narahat edən siz özünüzsünüz. Biz bir kənddənik. Bu hakimiyyəti az biabır elə. Metronun havalandırma sisteminin tutulmasından yazdığın kimi inkişafdan da yaz. Hər şeyi qısqandınız bəs eləmədi, indi də Tağı müəllimə qara yaxırsan. Qardaş, sən hardan biləsən axı metronun havalandırmasını niyə bağlayırlar, bu iş Tağı müəllimin ölkəmizdə yeni iş yerlərinin açılmasına verdiyi töhfədir. Metro şaxtaları üzərində ticarət mərkəzləri tikilir, tunelə hava getmir. Nəticədə metroda getmək istəyən adamlara hava balonları lazım olur. Stansiyalarda oksigen balonu satan köşklər açılır, ora AzTV-də fərqlənən zəhmətkeşlər işə alınır. Balonlar genəlliklə Qəbələ dağlarında doldurulur ki, xalqımız kef eləsin. Dağ havası udaraq mənzil başına çatmağın ayrı ləzzəti var. Anladınmı? Ta bunu burcutmağın nə yeri var? Şərtim budur ki, səhərki köşəndə Tağı müəllimi təriflə, əks halda, AzTV-yə çıxıb sənin adından köşə yazarlığından istefa verəcəyəm, ”Səs", ya da “Yeni Azərbaycan” qəzetinə keçdiyimi deyəcəyəm. Oxşayırıq da, yalnız bir eynəyim çatmır, onu da Sədərək yarmarkasından alaram".
Hörmətli oxucular, yalnız bu yerə çatanda ürəyim yerinə gəlib, diqqətlə baxmışam ki, məktubu yazan Zamin Babayev adlı bir şəxsdir, sadəcə, qardaş adaş olmağımızdan sui-istifadə etmişdir. Yoxsa elə bilirdim məndə şəxsiyyətin ikiləşməsi baş verir, bir növ havalanmağa başlamışam.
Şeyxdən xahiş edirəm gürcü məsələsindən qabaq öz vətəndaşlarımıza ağıl duası yazsın.
Zamin HACI