Tarix : 2011 May 18
Kod 22893

KEÇMİŞ MTN RƏHBƏRİ BAKIYA QAYTARILIR

Onun Xaricdə Yaşayan Vətəndaşlarla İş üzrə Dövlət Komitəsinə rəhbərlik edəcəyi bildirilir
wellpromised/Aran agentliyi

 

Hakimiyyət son dövrlər olduqca qəribə addımlar atır. Bir tərəfdən əhalinin narazılığını yatırmaq üçün pensiya və əmək haqları artırmaq istiqamətində işlər görür, digər tərəfdən də vəzifə dəyişiklikləri edir. Verilən məlumata görə, bu yöndə yaxın günlərdə daha bir kadr dəyişikliyi həyata keçiriləcək.

FaktXeber.com-un verdiyi məlumata görə, Məhərrəm Əliyev məsələsi ortaya çıxdıqdan sonra, bu dəfə də Özbəkistandakı səfirimiz Namiq Abbasovun məsələsi gündəmə gəlib. Etibarlı mənbələrdən sızan məlumatlara görə, MTN-in sabiq şefinin geri çağırılması ona veriləcək yeni təyinatla bağlıdır.

Mənbə iddia edib ki, hakimiyyət Namiq Abbasovu komitələrdən birinin başına keçirmək fikrindədir. Hələlik bunun hansı komitə olduğu barədə bilgi verilmir. Amma böyük ehtimalla bu, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi olacaq. Bunun səbəbi kimi isə Nazim İbrahimovun lazımi səviyyədə işləyə bilməməsi və son zamanlar onun komitəsinin adının korrupsiya məsələlərində hallanması göstərilir.

Qeyd edək ki, XYAİDK-in sədri Nazim İbrahimovla bağlı məsələ hələ xeyli əvvəldən gündəmdədir. Bu barədə verilən məlumatlarda deyilirdi ki, komitə rəhbəri hakimiyyətin etimadını itirib və bu səbəbdən də onun yerinə başqa biri axtarılır. Həmin məlumatların ardıcıllığına diqqət yetirsək, Namiq Abbasovun geri dönüşünün də bununla bağlı olacağını deməyə imkan yaranır.

  • Yazılıb
  • da (də) 2011 May 18