Tarix : 2011 May 21
Kod 22915

Hacı İlqar: ''Brayzanın ''islam ekstremizmi'' ifadəsi politkorrekt deyil''

Son müsahibələrdən birində ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza ''islam ekstremizmi'' ifadəsini işlədib
wellpromised/Aran agentliyi

Son müsahibələrdən birində ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza "islam ekstremizmi" ifadəsini işlədib. Bununla bağlı DEVAMM sədri, İçərişəhər "Cümə" məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu  belə bir şərh verib: "Təbii ki, "islam ekstremizmi" ifadəsi məqbul sayıla bilməz. Biz bunu köhnə klişelər dövrünün bir növ atavizmi kimi qiymətləndiririk. Cənab Brayza fərqinə varmalıdır ki, milyard yarımlıq ardıcılı olan bir mübarək inancın yanında "ekstremizm" ibarəsinin işlədilməsi - ən azı politkorrekt deyil. Bu inancın ardıcılları bu kimi ifadələr nəticəsində mənəvi iztirab çəkirlər".

İ.İbrahimoğlu cənab Brayzanın çıxışının fərdi səciyyə daşımadığına, onun ABŞ-ı Azarbaycanda təmsil edən bir yüksək ranqlı diplomat olmasına da diqqət çəkib: "Bu, artıq ikinci dəfədir ki, Metyu Brayza belə hallara yol verir. Azad Fikir Universitetində etdiyi çıxışında da cənab Brayza "siyasi islam" ibarəsini özündə potensial təhlükə daşıyan bir kontekstdə işlətmişdi. Ən azı diplomatiya baxımından daha uğurlu və daha politkorrekt ifadələr seçmək məqsədəuyğun olardı. ABŞ diplomatı məlumatlıdır ki, dinləri ekstremizm ilə assosiasiya etmək - səhv yanaşmadır. Bu, daha çox Buş dönəminin ritorikasına aiddir və bu yanaşmanın uğursuzluğu o dərəcədə aşkardır ki, Barak Obama Qahirədə etdiyi məşhur çıxışında bunun üzərindən çalın-çarpaz xətt çəkmişdir. Bu, ABŞ diplomatları üçün hazırkı dönəmdə ən azı zahirdə bu cür ideoloji yanlışlıqlardan çəkinməyi labüd edir".

İbrahimoğlu ümid ifadə etdi ki, cənab Brayza çıxışlarında inanclı insanların hisslərinə daha diqqətlə yanaşacaq.

 

  

  • Yazılıb
  • da (də) 2011 May 21