Tarix : 2011 May 21
Kod 22919

Rusiya Qəbələ RLS-də qalmağa çalışır

Azərbaycan Respublikasında bir sıra mənbələr rusların Qəbələ Radiolokasiya Stansiyasında hələ uzun müddət qalması üçün Bakı ilə Moskva arasında gizli danışıqların aparıldığını bildirirlər
wellpromised/Aran agentliyi

Azərbaycan Respublikasında bir sıra mənbələr rusların Qəbələ Radiolokasiya Stansiyasında hələ uzun müddət qalması üçün Bakı ilə Moskva arasında gizli danışıqların aparıldığını bildirirlər.

APA Xəbər Agentliyinin məlumatına əsasən, Qəbələ Radiolokasiya Stansiyasının ruslar tərəfindən icarə müddəti 2012-ci ildə başa çatacaq. Ona görə də Rusiya Azərbaycan Respublikası ilə yeni müqavilə imzalamaq niyyətindədir və yeni müqavilədə ruslara əlavə imtiyazların və ixtiyarların verilməsinə nail olmağa çalışır.

Bu məlumatda tərəflər arasındakı müzakirələrin və ehtimal olunan yeni müqavilənin detallarına işarə olunmayıb.

Rusiya Sovet İttifaqının süqut etməsindən sonra Qəbələ Radiolokasiya Stansiyasını icarəyə götürdü. 2002-ci ildə Qəbələ RLS-nin icarə müddəti daha 10 il üçün artırıldı. Amma, Qəbələ Radiolokasiya Stansiyasının ekologiya və insan həyatı üçün olan danılmaz zərər və ziyanları həmçinin, Qəbələ RLS-də təqribən 10 erməni zabitin fəaliyyət göstərməsinin ifşa edilməsi ilə bu müqavilə xalq etirazları ilə üzləşdi və onlar bildirdilər ki, bu müqavilənin imzalanmasında yeganə məqsəd maddi gəlir əldə etməkdir.

Azərbaycan Respublikasının mərhum prezidenti Heydər Əliyevin keçmiş siyasi müşaviri olmuş Vəfa Quluzadə ANS Press ilə müsahibədə Qəbələ Radiolokasiya Stansiyasının fəaliyyətini bölgənin ekologiyası və insan həyatı üçün təhlükəli olduğunu deyərək, son illərdə bu məntəqədə dünyaya gələn uşaqların xəstə olduqlarını, RLS-nin ətrafında yaşayan insanların müxtəlif xəstəliklərə düçar olduqlarını bildirib.

V.Quluzadə həmçinin bildirib ki, Qəbələ RLS-nin fəaliyyəti Azərbaycan Respublikası üçün heç bir faydaya malik deyil. Buna görə də, məsələnin ən yaxşı həll yolu onun fəaliyyətinin dayandırılması və dağıdılmasıdır.

Qeyd etmək lazımdır ki, Rusiya 2005-ci ildə Qəbələ Radiolokasiya Stansiyasında çalışan 110 azərbaycanlı kadrı işdən kənarlaşdırdı.

2007-ci ilin yayında isə Rusiya Səkkizlər Qrupunun iclasında Bakı ilə məsləhətləşmədən, Azərbaycan Respublikasının qəyyumu kimi çıxış edərək, Qəbələ Radiolokasiya Stansiyasından birgə istifadə haqda ABŞ-a təklif irəli sürmüşdü. Bu təklifin şərti isə Amerikanın şərqi Avropada Raket Əleyhinə Müdafiə sistemi quraşdırmaqdan vaz keçməsi idi. Amma, Vaşinqton Rusiyanın bu təklifi ilə razılaşmadı.

Qəbələ Radiolokasiya Stansiyası Azərbaycan Respublikasının şimalında, Qəbələ şəhərində yerləşir və Sovet İttifaqı zamanı quraşdırılıb. Qəbələ RLS Yaxın və Orta Şərq, Hind yarımadası, Afrikanın və Avstraliyanın şimal məntəqələrini nəzarət altında saxlamağa və bu məntəqələrdən buraxılan raketləri izləməyə qadirdir .

 

  

  • Yazılıb
  • da (də) 2011 May 21