Tarix : 2011 May 21
Kod 22933

Şeyx HİCABA görə Gürcüstanı itirdi

Keçən həftə ölkə gündəmini bir sıra mövzular zəbt etdi
wellpromised/Aran agentliyi

HaqqYolu - Keçən həftə ölkə gündəmini bir sıra mövzular zəbt etdi. Fikrimcə, bu mövzuların ən önəmlilərindən biri Gürcüstan Müsəlman İdarəsinin yaradılması oldu. Rəsmi Tiflis bu İdarəni yaratmaqla Bakıda yerləşən Qafqaz Müsəlmanları İdarəsinin bu ölkədə yaşayan müsəlmanlar üzərində təsir və rəhbərliyinə son qoydu əslində. Çünki hələ 1996-cı ildə orada Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəliyi yaradılmışdı. Yeni yaradılan bu idarənin məqsədi Gürcüstanda yaşayan İslam icmaları və məscidləri üzərində nəzarəti təmin etməkdir. Yəni QMİ-nin Gürcüstan nümayəndəliyinin işini həyata keçirtmək. İdarənin gürcü, türk, ərəb və ingilis dillərində internet saytı da yaradılıb, yaxın vaxtlarda isə "onlayn tv" və radiosu fəaliyyətə başlayacaq.

Təbii ki, dərhal da Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə Gürcüstan Müsəlmanları İdarəsinin yaradılmasını siyasi addım kimi dəyərləndirdi. Və bunun arxasında "Böyük Ermənistan" ideyasının dayandığını dedi. Şeyxin dili ilə desək, QMİ Gürcüstanda müsəlmanlar üçün istisna kimi qiymətləndirdiyi bu İdarənin yaradılmasından çox narahat oldu. Rəsmi Tiflisin bu addımını "düzgün" saymayan QMİ, Gürcüstanda azərbaycanlı məmurların bir hissəninin bu idarəni tanımasını, bunun təsisində bilavasitə iştirak etməsini təəssüflə qarşıladı. Heç şübhəsiz ki, Gürcüstanın belə bir addım atması QMİ-yə və onun sədrinin nüfuzuna, imicinə ciddi zərbədir. Bəs görəsən, nədən baş verdi bu məsələ? Və az qala Roma Papasına, nə bilim okeanın o tayında yaşayan cəngəlliklərdəki şamanlara məsləhətlər verən QMİ sədrinə qarşı bu hərəkət haradan qaynaqlandı və bunun səbəbi nədir?

Bu olayın doğruluğu və yanlışlığına toxunmadan xatırladım ki, QMİ-nin yerləşdiyi bizim bu başıbəlalı vətənimizdə artıq 6 aydan artıqdır ki, hicablı şagirdlərin məktəbə getməsində problem yaranıb. Zarafat deyil, uşaqlar 6 aydır ki, öz təhsil huquqlarından məhrum ediliblər. Düzdür, Şeyx bu məsələ gündəmə gələndə öz prinsipial mövqeyi ilə seçildi və birmənalı şəkildə ən azı bunun qeyri-qanuni olduğunu bildirdi. Hər halda Şeyxin bunu qeyri-əxlaqi deyil, qeyri-qanuni adlandırması irəli atılmış addım idi - ən azı QMİ sədrinin özü üçün. Amma Şeyxin dediyi elə özünə qaldı. Dövlət tərəfindən ona dəstəyin gəlməməsi və problem ətrafında yaranan susqunluq (daha yuxarı dairələrdə) Şeyxi pis durumda buraxdı. Və torpaq qaçdı onun bu kövrək addımının altından. Bu da Şeyxin Qafqazdakı imicinə, əlbəttə, ciddi zərbə oldu. Ona görə də nəticələr özünü göstərməyə başlayır. Ona görə də rəsmi Tiflis adama deyər ki, sən öz ölkəndə dinin əsas şərtlərindən biri ilə bağlı məsələdə əli-qolu bağlı qalmısan, hansı haqla gəlib Gürcüstanda GMİ-nin yaranmasını “qeyri-qanuni” adlandırırsan? Məhz buna görə də hələ də davam edən hicab qadağası, buna rəvac verən məmurların hələ də dövləti zəiflətmək cəhdləri (bilərəkdən, ya bilməyərəkdən) və Şeyxin bu kövrək addımı öz ədalətli və qaçılmaz sonuclarından birini verdi: Gürcüstan dini nəzarət və dini mühitdə proseslərin tənzimlənməsi baxımından itirildi.

Elə ekspertlər də hicab qadağası gündəmə gələndə bu məsələnin dövlətçiliyə xələl gətirməsi xəbərdarlığını edirdilər. Və həm də bunu təkidlə vurğulayırdılar. DEVAMM sədri Hacı İlqar İbrahimoğlunun bu fikirlərinə diqqət edək: "Hicablı şagirdlərin hüququnu pozmaq, onları məktəbə buraxmamaq – ayrı-seçkiliyin təzahürüdür, bir ədalətsizlikdir. Deməli, buna rəvac verən məmurlar, əslində dövləti zəiflədirlər. Dövlətçilik yanaşması – diskriminasion ünsürlərdən imtinanı, ədalətin zəfərini labüd edir. Dövlət insanı gərək bu məsələlərdə xüsusi diqqət və dəqiqlik nümayiş etdirsin. Belə olan halda o, insanların haqlarını bərpa etməklə yanaşı, ümumən dövləti də gücləndirmiş olur. Düşünürəm ki, dövlətçiliyi düşünən hər bir hakimiyyət təmsilçisi bu qadağaların dərhal götürülməsi üçün əlindən gələni etməlidir".

Bəli, artıq bu proqnozlar özünü doğrultdu və heç şübhəsiz ki, rəsmi Tiflisin Gürcüstan Müsəlmanları İdarəsinin yaradılmasında bu qədər israrlılıq sərgiləməsinin səbəblərindən biri və bəlkə də ən başlıcası hicab məsələsində Şeyxin ÖZ ÖLKƏSİNDƏ "dişsiz" olması idi. Və Şeyxin də dediyi kimi, əgər bu məsələnin arxasında Böyük Ermənistan ideyası durursa ("Şübhə etmirəm ki, bu planın arxasında "Böyük Ermənistan" ideyası durur. Bu, orada yaşayan müsəlmanları bir növ mənəvi cəhətdən Azərbaycandan qopartmaqdır", - deyə deyə Şeyx bildirmişdi), o zaman məsələ daha qəliz və ciddidir. Düzdür, GMİ rəsmiləri özlərini QMİ-yə alternativ hesab etməsələr də, hər halda sırf Gürcüstan müsəlmanlarını istisna edən bu qərar elə alternativ kimi bir şeydir. Çünki Gürcüstanda yaşayan qriqorianlar və katoliklər və nə çox dini azlıqlar ki, onlarla bağlı analoji addım atılmayıb. Ona görə də arxayınlıqla demək olar ki, QMİ-nin hicab məsələsindəki sərgilədiyi "məzlumanə" mövqeyi, ona Gürcüstanı itirməsi bahasına başa gəldi.

 

Emin Nasir

 

 

 

 

 

  

  • Yazılıb
  • da (də) 2011 May 21