Tarix : 2011 May 28
Kod 23066

Əliyev ərəb liderlərindən dərs götürməlidir

wellpromised/Aran agentliyi

HaqqYolu - Ərəb ölkələrində başlayan inqilabi proseslər ortaya nəticə çıxarmalı məsələlər qoydu. Öncə məlum oldu ki, diktatorların öz xalqlarına qarşı amansız olmaları, qan tökmələri hakimiyyəti saxlamaq üçün kifayət etmədi. Tunis, Misir diktatorları hakimiyyətlərini itirdilər, Qəzzafi isə son günlərini yaşamaqdadır. Amma məsələ burasındadır ki, hakimiyyətdən devrilən diktatorlar qanun qarşısında cavab verən zaman çox hallarda xalqa qarşı zorun tətbiq edilməsi ilə bağlı vaxtilə əmrləri onların vermədiklərini deyirlər. Bu zaman isə məsuliyyət daha çox bu qanunsuz əməlin icraçılarına yönəldilməyə çalışılır. Yaxın Şərq ölkələrində diktaturaların təxminən eyni aqibəti yaşadığı göz önündədir. Baş verənlərə qlobal miqyasda baxdıqda isə açıq görünür ki, hakimiyyəti zor gücü ilə əlində saxlamaq istəyənlərin seçdikləri yol və uğradıqları sonluq çox oxşardır. Belə olan halda, hazırda demokratik azadlıqları boğan, xalqına qarşı zor tətbiq etməkdən çəkinməyən Azərbaycan hakimiyyəti bütün bunlardan nəticə çıxarmalıdırmı?

«Zamanı yetişəndə xalqa qarşı zorun tətbiq olunması ilə bağlı həm əmri verənlər, həm də əmri icra edənlər eyni məsuliyyəti daşıyır»

Tanınmış siyasətçi İbrahim İbrahimli bildirdi ki, avtoritar liderlərin və rejimlərin mahiyyətindən irəli gələn bir sıra eyni məqamlar var. Bütün avtoritar rejimlərin üç əsas prinsipə söykəndiyini deyən I.Ibrahimli vurğuladı ki, bunlar korrupsiya, repressiya siyasəti və kütləvi xofun yaradılmasıdır: “Avtoritar rejimlərdə komanda üzvləri ağız-ağıza oturan qurdları xatırladırlar. Onlar hər an bir-birini parçalamağa hazırdırlar. Ona görə də bu canavarlar qanun qarşısında cavab verəndə bir çox hallarda öz məsuliyyətlərini etiraf etmirlər. Məsələn, indi Misirdə dəftərxana müdiri bir çox addımlara görə cavab verir. Çünki Mübarək onu səhv məlumatlandırdıqlarını söyləyir”.

Bu baxımdan Azərbaycan hakimiyyətinin ərəb dünyasında baş verən proseslərdən nəticə çıxarmalı olduğunu düşünən I.Ibrahimli vurğuladı ki, zamanı yetişəndə xalqa qarşı zorun tətbiq olunması ilə bağlı həm əmri verənlər, həm də əmri icra edənlər eyni məsuliyyəti daşımalı olur: “Dünyanı zor üsuslu ilə idarə etmək artıq keçmişdə qalıb. Hazırda üstünlük verilən idarəçilik demokratiyadır. Azərbaycan hakimiyyəti də bu reallığı dərk etməlidir”.

«Tarixin kinayəsidir ki, heç zaman baş verənlərdən ibrət dərsi götürülmür»

Politoloq Zərdüşt Əlizadə isə bildirdi ki, başqa-başqa xalqlara qarşı cinayət edilməsi ilə bağlı xeyli qərarlar olsa da, eyni hadisələr yenidən təkrarlanır. Konkret olaraq Nürnberq məhkəməsini xatırladan Z.Əlizadə bildirdi ki, bundan sonra xalqların qırğını tam dayandırılmadı: “Tarixdə çox müştəbehlər mühakimə olunub. Digər müştəbehlər onlardan ibrət götürüblər? Xeyr. Çünki müştəbeh ona görə belədir ki, o, başqa cür düşünə bilmir. O, yalnız oğurluq, qarət, zor tətbiq etmək yolu ilə yaşaya bilir. Məsələn, Misirdə fevralda inqilab qələbə çalandan sonra aprel ayında kütlə yenidən meydana toplaşmışdı. Amma o zaman hakimiyyətdə olan ordu mitinq iştirakçılarına qarşı zor tətbiq etdi və bir nəfər də həlak oldu. Sadəcə olaraq bir məntiq var. Qaliblər həmişə mühakimə edirlər, məğlublar yox. Mübarək qalib gəlsəydi bütün Misirdə media yazacaqdı ki, xaricdən maliyyələşən qüvvələrin xalqımıza qarşı niyyətlərinin qarşısı alındı”.

Hakimiyyətə gəldiyi zaman Heydər Əliyevin sovet imperiyasını lənətlədiyini xatırladan Z.Əlizadə vurğuladı ki, halbuki o, iqtidarda olduğu müddətdə qat-qat ağır zülmə yol verdi. Bu baxımdan Z.Əlizadə baş verənləri tarixin bir növ kinayəsi sayır ki, heç zaman keçmişdə olanlardan ibrət dərsi götürülmür.   

  • Yazılıb
  • da (də) 2011 May 28