Tarix : 2011 May 28
Kod 23067

Əliyev inqilabdan qorunmaq istəyir

«Qoşulmayanlar birliyinə» qoşulmaqla...
wellpromised/Aran agentliyi

Xəbər verildiyi kimi, Azərbaycan “Bloklara Qoşulmayan Dövlətlər Hərəkatı”na qoşulur. Indoneziyada səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov belə bir sənəd imzalayacaq. Beynəlxalq aləmlə problemləri olan və avtoritar rejimlərin hökm sürdüyü dövlətlərin üzv olduğu hərəkata Azərbaycanın qoşulması ölkəyə nə vəd edir? Qeyd edək ki, Azərbaycanın Avropa Birliyi ilə də münasibətləri arzuolunan səviyyədə deyil. NATO ilə ciddi əməkdaşlıqdan boyun qaçıran hakimiyyət Iran, Venesuela, Uqanda, Kuba, Türkmənistan, Belarus kimi ölkələrlə bir blokda təmsil olunmaq niyyətindədir. Bəs bu addım beynəlxalq aləmlə münasibətlərə necə təsir edəcək?

«Daxildə inqilabi proseslər başlayanda heç bir hərəkat bu təhlükələrdən qorumur»

Bu vaxta qədər Azərbaycanın bu qurumda müşahidəçi kimi təmsil olunduğunu deyən politoloq Zəfər Quliyevin fikrincə, bu status saxlanılsaydı, ölkə üçün daha faydalı olardı. Məsələn, Ermənistan və Ukrayna müşahidəçi qalmaqla kifayətlənir.

Ekspertin sözlərinə görə, bəziləri bunu Azərbaycanın xarici siyasət kursunu dəyişməsi ilə izah etsə də, əslində belə deyil: “Bəziləri Azərbaycanın bu addımını belə izah edirlər ki, guya ölkə xarici siyasət kursunu dəyişir. Bunu da guya gələcək təhlükələrdən qorunmaq üçün edir. Çünki ərəb ölkələrində olan inqilabi proseslər Azərbaycan hakimiyyətini qorxudub. Bu hərəkata qoşulmaqla hakimiyyət belə bir təhlükələri azaldır. Lakin bu cür mövqeləri bölüşmürəm. Inqilabların baş verdiyi ərəb ölkələri də bu hərəkatın üzvü idi. Daxildə inqilabi proseslər başlayanda heç bir hərəkat bu təhlükələrdən qorumur”.

Z.Quliyev hesab edir ki, bu hərəkata üzv olan ölkələrin hər biri beynəlxalq aləmin sanksiyaları ilə üzləşə bilər. Ona görə də bu hərəkat heç bir zəmanət vermir və təhlükələrdən qorumur.

Ekspertin fikrincə, son vaxtlar xarici siyasətində ardıcıl xətt hiss olunmayan Azərbaycan bəzən düşünülməmiş addımlar atır: “Axıra qədər düşünülməmiş, hansısa emosiyalardan irəli gələn, konyunktur situasiyaya cavab olaraq addımlar atılır. Azərbaycan Qərbdən, demokratik basqılardan qorunmaq üçün gah Moskva, gah Tehranla yaxınlaşır. Eyni zamanda bütün qapıları açıq saxlamağa çalışır. Əminəm ki, Azərbaycan, hətta bu hərəkata qoşulandan sonra birbaşa NATO ilə münasibətləri dayandırmayacaq. Hakimiyyət ehtiyatlı xarici siyasət yürütməyə çalışır. Lakin həddindən artıq ehtiyatlı xarici siyasət yeni risklər, problemlər yaradır. Bu baxımdan rəsmi Bakının qərarını o qədər də uğurlu saymıram. Çünki real heç bir uduş görünmür. Yeni problemlər, risklər yarana bilər”.

«Hakimiyyətə siyasi təzyiqlər daha da artacaq»

Politoloq Razi Nurullayev Azərbaycanın “Bloklara Qoşulmayan Dövlətlər Hərəkatı”na qoşulmasını xoşagəlməz addım kimi qiymətləndirdi. Çünki bu halda Avropa Birliyi, o cümlədən ABŞ Azərbaycanın üzərindən xətt çəkməli olacaq. Belə bir bloka qoşulan Azərbaycan demokratiya yolunu seçmək istəmədiyini sübut edəcək.

Ekspertin fikrincə, Ermənistanın müşahidəçi kimi qaldığı bir quruma Azərbaycanın üzv olması beynəlxalq aləmdə müəyyən qınaqlara səbəb olacaq. Hakimiyyətə siyasi təzyiqlər daha da artacaq: “Indiyə kimi o blokun konfransları diktator rejimləri olan ölkələrdə keçirilib. Ora üzv olmaq artıq imic məsələsidir. Belə bir quruma Azərbaycanın qoşulmasını xalqımıza yaraşdırmıram”.

/news/Azadlıq 

  • Yazılıb
  • da (də) 2011 May 28