M.Səmədovun sağlıq durumuna toxunan A.Qasımov onun səhhətinin tam qaydasında olduğunu bildirdi
wellpromised/Aran agentliyi
Bu il yanvarın 7-də həbs olunaraq, inzibati qaydada 10 sutka müddətində azadlıqdan məhrum edilən Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilmişdi. Bakı Apellyasiya Məhkəməsində həbs-qətimkan tədbirinin seçilməsi haqqında məhkəmə hökmündən verilən apellyasiya şikayəti isə təmin edilməmiş, istintaq müddəti avqustun 15-nə qədər uzadılmışdı.
M.Səmədovun vəkili Anar Qasımovdan aldığımız son məlumata görə, o, ötən həftənin sonunda hüquqlarını müdafiə etdiyi şəxslə görüşüb. M.Səmədovun sağlıq durumuna toxunan A.Qasımov onun səhhətinin tam qaydasında olduğunu bildirdi. Və dedi ki, yaxınları tərəfindən aparılan ərzaq məhsulları maneəsiz şəkildə çatdırılır.
Vəkil ələvə etdi ki, M.Səmədov Fatimeyi-Zəhranın (s.ə) mövludu münasibətilə Azərbaycan xanımlarını təbrik edib.
Vəkil həmçinin uzadılmış vaxtda hansı proseslərin getdiyi barədə sualımıza da aydınlıq gətirdi. Onun sözlərinə görə, həbs müddəti avqustun 15-nə qədər uzadılsa da, hazırda heç bir istintaq hərəkəti aparılmır. Və əslində buna ehtiyac da yoxdur.
Xatırladaq ki, M.Səmədov Azərbaycan Resbublikası Cinayət Məcəlləsinin 228.3 və 278-ci maddələri ilə ittiham olunur.