Tarix : 2011 May 28
Kod 23080

İsa Qəmbər: ''Çox yaxın zamanlarda Novxanıya hakimiyyət kimi gələcəyik

Xəbər verdiyimiz kimi, bu gün İctimai Palatanın təşkilatçılığı ilə Bakının Novxanı qəsəbəsində Azərbaycan Respublikasının qurucusu Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə anım mərasimi keçirilib
wellpromised/Aran agentliyi

Xəbər verdiyimiz kimi, bu gün İctimai Palatanın təşkilatçılığı ilə Bakının Novxanı qəsəbəsində Azərbaycan Respublikasının qurucusu Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə anım mərasimi keçirilib. Tədbirdə minlərlə insan iştirak edib. Yüksək səviyyədə təşkil olunmuş tədbiri giriş sözü ilə AXCP sədri Əli Kərimli açıb. Bir sıra çıxışlardan sonra sonda söz "Müsavat" başqanı İsa Qəmbərə verilib. 28 May tarixini Azərbaycan tarixinin ən şərəfli, ən işıqlı günlərindən biri kimi qiymətləndirən İsa bəy tədbirdə iştirak edənləri bu tarix münasibəti ilə təbrik edib. "Novxanı camaatını da salamlayıram ki, dünyaya Məhəmməd Əmin Rəsulzadə kimi şəxsiyyət bəxş ediblər. Biz hər il il Rəsulzadənin doğum günündə və 28 Mayda bura, Novxanıya gəlirik. "Müsavat" olaraq gəldiyimiz olub, cəbhəçi dostlarımızla gəldiyimiz olub, başqa tərkiblərdə gəldiyimiz olub, amma bu dəfə ilk dəfədir ki, İctimai Palata olaraq gəlmişik. Mən inanıram ki, çox yaxın zamanlarda Novxanıya hakimiyyət kimi gələcəyik. Və bu bayramı bütün Azərbaycanda qeyd edəcəyik. 28 Mayda Demokratik Azərbaycanın qurulması bütün Azərbaycanın fəxridir, bütün azərbaycanlıların qürur mənbəyidir. Dünyada Azərbaycanı tanıtmmaq istəyəndə bizlər kimliyindən asılı olmayaraq-müxalifətçi olaq, hakimiyyətyönümlü olaq, müstəqil olaq, qoca olaq, gənc olaq, Azərbaycan haqqında soruşulanda biz deyirik ki, 1918-ci ildə Şərqdə ilk Demokratik Cümhuriyyəti biz yaratmışıq. Deyirik ki, bizim Cümhuriyyətdə hələ 1918-ci ildə qadınlara səs hüququ verilmişdi. Yəni bunlarla fəxr edirik. Vətənimizlə, dövlətimizlə, millətimizlə fəxr etmək istəyəndə ilk olaraq 28 May yadımıza düşür, Demokratik Cümhuriyyət yadımıza düşür, Rəsulzadə yadımıza düşür və digər Cümhuriyyət qurucuları yadımıza düşür. Bu, o insanların necə böyük bir insanlar olduğunun və xalqımızın qarşısında nə qədər böyük xidmətləri olduğunun daha bir bariz sübutudur", - deyə "Müsavat" başqanı bildirib.

2011-ci ildə bu bayramın qeyd edilməsinin fərqli cəhətlərindən danışan İsa bəy qeyd edib: "28 May dünyada ən şərəflə qeyd olunası bayramlardan biridir. Ancaq 2011-ci ildə bu bayramın qeyd edilməsinin fərqli cəhətləri də var. Bu fərqli cəhətlərdən biri budur ki, 2011-ci il "Müsavat" Partiyasının 100 illiyidir. Bu partiyanı da, Cümhuriyyətimizi də bu insanlar yaradıb. Rəsulzadə başda olmaqla, dahi insanlar yaradıb. Və "Müsavat"ın 100 illiyinin qeyd olunduğu bir mərhələdə bayramımızı qeyd etmək təbii ki, əlavə bir zövqdür. Eyni zamanda bu il bayram, istiqlalımızın bərpasının 20-ci ildönümünə təsadüf edir. 1991-ci ildə istiqlalımız bərpa olundu, Cümhuriyyətimiz bərpa olundu. Burada da qeyd olunduğu kimi, Məhəmməd Əmin Rəsulzadənin vəsiyyətində də deyildiyi kimi, bu bayrağı 20-ci ildə bolşeviklər endirmişdilər, ancaq 1980-ci illərin sonunda Elçibəyin liderliyi altında bu bayraq yenidən qaldırdı. Elçibəyin liderliyi ilə həmin bayraq yenidən Azərbaycanın səmasında dalğalanmağa başladı. 2011-ci ilin üçüncü özəlliyi isə dünyada baş verən dəyişiliklərlə bağlıdır. Dünya dəyişir və bu dəyişiklik içində Azərbaycan da var. Azərbaycanı isə biz dəyişməliyik, başqaları yox. Bu gün bu mübarizənin önündə İctimai Palata gedir. Bu gün bu mübarizənin öznündə siz gənclərimiz gedir. Bu gün bu mübarizənin önündə fədakar xanımlarımız gedir. Bu gün Azərbaycanı sevən, onun qədrini bilən, Azərbaycan uğrunda fədakarlığa hazır olan hər bir insan İctimai Palata ilə birgədir və bu prosses davam edir".

/deyerler/

  

  • Yazılıb
  • da (də) 2011 May 28