wellpromised/Aran agentliyi
Eldəniz Quliyev: “Cəhd etsək də, Müdafiə Komitəsinin iclasını keçirə bilməmişik”
“Bu gecə İrana gedirəm. Tehranda ərəb ölkələrində baş verən inqilablar və bunun islami oyanışla əlaqələri mövzusunda beynəlxalq konfrans təşkil olunacaq. Mən də konfransda öz fikrimi deyəcəyəm. Bundan başqa, bu arada İranda imam Xomeyni günləri keçirilir, bu mövzuda tədbirlər olacaq və orada azərbaycanlı ruhanilər də iştirak edəcəklər”. Bunu “Bizim Yol”a açıqlamasında Azərbaycan Ziyalılar Hərəkatının sədri Eldəniz Quliyev deyib.
O, həbs edilən dindarlar, onların müdafiəsi sahəsində yaranan problemlərə də toxunub: “Azərbaycanda həbs olunan dindarlarla bağlı vəziyyət dözülməzdir. Biz bunu islamafobiyanın təzahürü kimi qiymətləndiririk. Eyni zamanda son illər Azərbaycan hökumət nümayəndələri ölkəmizdə dini tolerantlığın mövcud olması haqqında çoxsaylı bəyanatlar verirlər. Ancaq biz islama qarşı dözülməz bir vəziyyətin olduğunu müşahidə edirik. Bu heç də yaxşı hal deyil və əslində tolerantlığın olmasına dair bəyanatların həqiqət olmadığını göstərir”.
Ziyalı Hərəkatının sədri dedi ki, islami kəsim xaotik vəziyyətdədir və özünü müdafiə mövqeyi seçə bilmir: “Biz hələ bir neçə ay əvvəl həbs edilən dindarlarla bağlı Müdafiə Komitəsi yaratmışdıq. Son zamanlarda çoxlu sayda dindarlar həbs edildi. Ancaq bu günə qədər nə Müdafiə Komitəsinin toplantısı keçirilib, nə də həbs olunanlarla bağlı birgə müdafiə komitəsinin yaradılması istiqamətində addım atılıb. Müdafiə Komitəsinin üzvlərinin bəzisi qorxudan, bəzisi şəxsi marağından, bəzisi mənafeyi səbəbindən əməli iş görə bilmir. Bu reallıqdır. Dəfələrlə cəhd etsək də, iclas keçirə bilməmişik. Bu həm də ona görədir ki, təzyiqlər mövcuddur. Bəzən bu təzyiqlər kənardan idarə olunur”.
HaqqYolu