wellpromised/Aran agentliyi
“Zolaqlı mantiya”ya görə mənə təhqirlər yağdırıblar»
Uzun müddətdir Sülh və Demokratiya Institutu yerli qanunvericiliyi və beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq ədalətsiz qərarlar çıxaran hakimləri “zolaqlı mantiya” ilə mükafatlandırır. Qurumun direktoru Leyla Yunusun təsis etdiyi bu mükafata ən son daha yeddi hakim layiq görüldü.
Birinci yerin qalibləri Səbail Rayon Məhkəməsinin hakimi Araz Hüseynov (gənc blogerlər Adnan Hacızadə və Emin Millinin barəsində çıxardığı hökmə görə), Sumqayıt şəhər Məhkəməsinin hakimi Ilqar Məmmədov (gənc cəbhəçi Cabbar Savalanın işi) və Gəncənin Nizami rayon məhkəməsinin hakimi Emin Axundov oldu (gənc fəal Bəxtiyar Hacıyevə verdiyi iki illik həbsə görə). Ikinci yeri Bakı Apelyasiya Məhkəməsinin iki hakimi - Tofiq Səmədov (neftçilərin hüquqlarının pozulmasına haqq qazandıran qərarlarına görə) və Mirpaşa Hüseynov (Eynulla Fətullayevin və digər siyasi motivli işlərə görə) bölüşdülər. Üçüncü yerin sahibləri isə Ali Məhkəmənin hakimləri - Qəhrəman Allahverdiyev və Əli Rüstəmov oldu. Onların hər ikisi Qarabağ əlilləri və şəhid ailələrinin hüquqlarının kobud şəkildə pozulmasına göz yummaqla fərqlənmişdi.
L.Yunus deyir ki, “zolaqlı mantiya” ədalətsizliyə və qanunsuzluğa qarşı mübarizənin bir yoludur. Lakin mübarizə tək bu yolla yox, kompleks olmalıdır: “Məsələn, hakimlər üçün seminarlar təşkil edən beynəlxalq qurumlar buna xüsusi diqqət edirlər. Bu hakimlərin adlarını beynəlxalq təşkilatların siyahısına daxil edirik ki, onları öz tədbirlərinə dəvət etməsinlər. Bəlkə də cavan hakimdir, amma bundan sonra o cür seminarlarda iştirak edə bilməyəcək. Biz iddia etmirik ki, bu yolla Azərbaycanda ədalətsiz məhkəmə təcrübəsini aradan qaldıracağıq. Tək mantiya ilə problemi həll etmək olmaz. Amma bunun özü də təsir vasitəsidir. Məsələn, hakimlər üçün bu, çox qıcıqlandırıcı və xoşagəlməzdir. Jurnalistlərə tövsiyə edərdim ki, belə hakimlərdən yazanda qeyd etsinlər ki, bu, zolaqlı mantiya almış filan hakimdir. Bu halda təsiri daha güclü olacaq. Bir neçə il əvvəl biz insan haqlarını pozan ictimai-siyasi xadimləri cəzalandırırdıq. Bir dəfə onlardan birinə diri xoruz hədiyyə etdik. Qəzetlər düz yarım il bundan yazdılar. O adam da fəal çıxışlar etməkdən çəkindi”.
L.Yunusun sözlərinə görə, bugünə qədər “zolaqlı mantiya” alan hakimlərdən heç biri narazılığını rəsmi şəkildə bildirməyib: “Amma buna görə mənə bəzi dövlət qəzetlərində və saytlarında təhqirlər yağdırıblar”.
/news/Azadlıq