Tarix : 2011 Jun 01
Kod 23164

AZƏRBAYCAN ACLIQ TƏHLÜKƏSİ GÖZLƏNƏN ÖLKƏLƏR ARASINDA

Britaniyanın Oxfam təşkilatı xəbərdarlıq edir ki, yaxın 20 ildə əsas ərzaq mallarının qiyməti iki dəfə artacaq
wellpromised/Aran agentliyi

Britaniyanın Oxfam humanitar təşkilatı xəbərdarlıq edib ki, əgər dünya liderləri vaxtında zəruri tədbirlər görməsələr yaxın 20 ildə dünyada əsas ərzaq mallarının qiymətləri azı 2 dəfə artacaq. Təşkilat əhalisi aclıq təhlükəsi ilə üzləşən ölkələri də müəyyənləşdirib və nə qədər təəccüblü də olsa onların arasında Azərbaycan da yer alır. Oxfam qlobal ərzaq problemi ilə bağlı xüsusi hesabatında göstərir ki, qarşıdakı illərdə dünyada əsas ərzaq mallarının qiymətləri durmadan artacaq. Bunun əsas səbəblərindən biri qlobal iqlim dəyişiklikləridir. Hesabata əsasən, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) bu ilin ilk üç ayında ərzaq mallarının qiymətlərində rekord artım qeydə alıb.

Belə ki, əsas ərzaq zənbili üzrə qiymətlər orta hesabla bir ayda 2.2 faiz artıb. Bu zənbilə taxıl, yağ, ət, süd , şəkər və digər gündəlik tələb olunan ərzaq daxildir. Oxfam rəhbəri Barbara Stokinq deyib ki, əgər dünya liderləri ərzağın bölüşdürülməsi sisteminə yenidən baxmasalar və qlobal iqlim dəyişikliklərinə qarşı tədbirlər görməsələr, bu artım davam edəcək, nəticədə dünya əhalisinin bir qismi aclıq təhlükəsi ilə üzləşəcək. “Planetin hər yeddi sakinindən biri aclıq çəkir, baxmayaraq ki, dünyada hamını doyuzdura biləcək qədər yemək var” deyə, o bildirib. Oxfam rəhbəri deyib ki, qlobal iqlim dəyişikliyinə qarşı mübarizə üçün ümumdünya fondu yaradılmalıdır. Bu fond insanlara qlobal iqlim dəyişikliklərinin nəticələrindən qorunmaqda ərzaq məhsulları yetişdirə bilmək üçün zəruri vəsaitlər əldə etməkdə kömək edə bilər.

Oxfam hesabatında ərzaq məhsullarının qıtlığı baxımından dünyada dörd “qaynaq nöqtə” müəyyənləşdirib. Bunlardan biri Cənubi Amerika ölkəsi Qvatemaladır. Hesabata əsasən bu ölkədə 865 min insan aclıq riski ilə üz-üzədir. Bunun səbəbi dövlətin kənd təsərrüfatına diqqət yetirməməsi, bu sahəyə yetərli investisiyaların ayrılmaması, əhalinin böyük ölçüdə xaricdən idxal edilən ərzaqdan asılı olmasıdır. Digər “qaynar nöqtə” isə Hindistandır. Bu ölkədə əhali öz qazancının əsas hissəsini ərzağa sərf edir. Belə ki, Hindistan vətəndaşlarının gündəlik qazanclarının ərzağa sərf etdikləri nisbət britaniyalıların ərzağa sərf etdikləri nisbi qazanclarından iki dəfə artıqdır.

“Qaynar nöqtə”lər arasında yer alan Azərbaycanla bağlı deyilir ki, ölkədə ötən il taxıl istehsalı pis hava şəraiti üzündən 33 faiz azalıb, nəticədə Azərbaycan taxıla olan tələbatını Rusiya və Qazaxıstan hesabına ödəməli olub. İl ərzində əsas ərzaq mallarının qiyməti 20 faizdən çox artıb. Hesabata görə, Şərqi Afrika da aclıq təhlükəsi ilə üz-üzədir. Orada 8 milyon adam xroniki ərzaq çatışmazlığı ilə üzləşib. Aclıq çəkənlərin çoxu qadın və uşaqlardır. Oxfam Dünya Bankının statistikasına istinad edərək bildirir ki, ərzaq mallarının bahalaşması milyonlarla insanı kasıblığa sürükləyir. Yeni Müsavat

 

  

  • Yazılıb
  • da (də) 2011 Jun 01