Bakıda keçirilmiş “Hicaba azadlıq” aksiyasına görə həbs olunan Elşən Abbasovun vəkili onunla görüşə bilmir
wellpromised/Aran agentliyi
HaqqYolu - Bakıda keçirilmiş “Hicaba azadlıq” aksiyasına görə həbs olunan Elşən Abbasovun vəkili onunla görüşə bilmir. Məlumatı “Media forum” saytına vəkili Azər Nağıyev verib. Onun sözlərinə görə, Elşən Abbasov mayın 23-də həbs olunub, ona qarşı Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə cinayət işi açılıb, barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib: “İstintaqı Bakı Şəhər Baş Polis İdarəsinin istintaq idarəsi aparır. Elşən Abbasovun yaxınları mənimlə müqavilə bağlayıblar. Onunla görüşməyim üçün Bakı Şəhər Baş Polis İdarəsinin istintaq idarəsi məktub verməlidir. Həmin məktub olmasa, Bakı İstintaq Təcridxanasına buraxmırlar.
Məktub almaq üçün orderi Bakı Şəhər Baş Polis İdarəsinin istintaq idarəsinə təqdim etmişəm. Amma məktubu ala bilmirəm. Müxtəlif bəhanələrlə məni get-gələ salıblar. İdarəyə gedəndə kim orada yoxdursa, məni onun yanına göndərirlər. Müdafiə etdiyim şəxslə görüşə bilməməyim onun müdafiə hüququnun pozulmasıdır”.
Vəkil deyib ki, poçtla Bakı Şəhər Baş Polis İdarəsinin rəisinə, Bakı Şəhər Prokurorluğuna müraciət edib: “Amma heç bir nəticəsi yoxdur”.
“Hicab aksiyası” mayın 6-da Təhsil Nazirliyi qarşısında keçirilib. Qeyri-rəsmi məlumata görə, indiyə qədər 10 nəfərdən çox şəxsə cinayət işi qaldırılıb. Bu aksiya ilə bağlı şərlənərək Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 221.2.2. (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 221.3. (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddələri ilə iş açılıb. İstintaq qrupunun rəhbəri Bakı Şəhər Baş Polis İdarəsinin istintaq və təhqiqat idarəsinin rəisi Nazim İsmayılovdur.