Tarix : 2011 Jun 06
Kod 23213

YENİ DƏRS İLİNDƏ HİCAB QADAĞASI HƏLL OLUNACAQMI?

Fazil Qəzənfəroğlu: ''Dünyəvi dövlətlərin prinsiplərini pozmadan, mənəvi dəyərlərə qarşı çıxmayaraq problemin həlli barədə düşünmək lazımdır
wellpromised/Aran agentliyi

Fazil Qəzənfəroğlu: "Dünyəvi dövlətlərin prinsiplərini pozmadan, mənəvi dəyərlərə qarşı çıxmayaraq problemin həlli barədə düşünmək lazımdır"

Elçin Manafov: "Mən bu problemin həll olunması ilə bağlı ümid etdiyimi deyə bilmərəm, amma arzu edirəm ki, bu məsələ yeni dərs ilində həll olsun"

Elşən Mustafoğlu: "2 qiyməti ilə oxuyan şagirdlər məktəbə gedir, amma əla qiymətlərlə oxuyan hicablı şagirdlər təhsil hüququndan məhrum olub"

Azərbaycanda 8 aydır ki, hicab qadağası mövcuddur. Orta məktəblərdə hicaba qoyulan  qadağa bu günə qədər 1500-ə yaxın şagirdin təhsil almasından məhrum edib. Hicab qadağasına etiraz etdiklərinə görə, 20-dən çox dindar həbs olunub. Həbs olunanlar içərisində partiya sədri, nüfuzlu ruhanilər, təşkilat nümayəndələri və sadə dindarlar mövcuddur. Dərs ilinin sona çatmasına və hicab qadağasının ölkədə bu qədər rezonans yaratmasına baxmayaraq, hələ də dövlət rəsmiləri bu məsələnin həlli istiqamətində heç bir addım atmayıb. Hicab probleminin həlli bağlı FaktXeber.com-un müxbirinin “Hicab qadağasının yaratdığı bu qədər gərginlikdən sonra yeni dərs ilində hicab problemi həll olacaqmı” sualını cavablandıran millət vəkili Fazil Qəzənfəroğlu, Azərbaycan İslam Partiyasının (AİP) sədri Elçin Manafov və “Mənəvi Saflığa Dəvət” İctimai Birlinin rəhbəri Elşən Mustafaoğlu bunları bildirdi:

Fazil Qəzənfəroğlu: "Ümumiyyətlə dini və ibadi azadlıqlar istiqamətində müəyyən dini anlayışlara ehtiyac var. Bu məsələ üzərindən keçiləsi bir məsələ kimi baxılmamalıdır. Problemlər həll olunmalıdır. Özüdə ki, kontiyent hüquqla həll olunmalıdır. Biz hicabın qadağan olunmasını milli mənəvi dəyərlərə zidd addım olduğu fikrindəyik. Digər tərəfdən erkən yaşlarında və valideynin himayəsi altında olan uşaqların hicablı formada məktəbə göndərilməsi ilə bağlı problemlər də mövcuddur. Məncə, burada dövlətin təyin etdiyi yetkinlik yaşı, yəni 14 yaş faktı nəzərə alınmaqla hicaba sərbəstlik verilməlidir. Çünki bəzən bunu manipulasiya edirlər ki, valideynlər uşaqları bu formada geyinməyə məcbur edir. Ona görə də, bunu çox vaxt narazılıqla qarşılayırlar. Amma yetkinlik yaşına çatmış uşaqların haqqını tanımaq lazımdır. Məncə problemin bu formada həll olması bir az komparamis variantdır. Belə bir qərarın verilməsi ilə yetkinlik yaşına çatmış uşaqların hüquqları bərpa olunacaq. Hər-halda problem müzakirə olunub həll olunmalıdır. Bizim dediyimiz ideal variant deyil, amma müzakirə həll olunmadan dindarları suçlamaq, yaxud  bunun yanlış olduğunu cəmiyyətə təqdim etmək, məncə doğru siyasət deyil. Bizim hökümətin vəzifəsi hansısa cəmiyyətin və insanların həyatında yaranan problemin həlli istiqamətində addımlar atmaqdır. Məncə bu istiqamətdə də addımlar atılması vacibdir. Dünyəvi dövlətlərin prinsiplərini pozmadan, mənəvi dəyərlərə qarşı çıxmayaraq problemin həlli barədə düşünmək lazımdır".

Elşən Mustafoğlu: "İlk öncə bunu qeyd edək ki, Azərbaycan konstitusiyasında hicabla bağlı heç bir məhdudiyyət mövcud deyil. Lakin buna baxmayaraq, ölkə rəsmiləri hicabı qadağan etməyə çalışırlar. Hicab qadağasının meydana gəlməsi yüzlərlə ailənin, minlərlə şagirdin iztirab keçirməsinə səbəb oldu. Bu məsələ həm mənəvi cəhətdən, həm də hüquqi cəhətdən düzgün deyil. Konstitusiyada olduğu kimi hər bir kəs üçün təhsil icbaridir və hər kəsin təhsil almaq hüququ var. Yəni hicab qadağasının qoyulması təməldən yanlış bir addım idi. Təməli yanlış qoyulan bir qadağanın əmələ gətirdiyi fəsadlar bu günümüzə kimi gəlib çıxdı. Belə ki, bu qadağa səbəb oldu ki, inanclı kəsimlə dövlət arasında gərginlik yarandı və onlarla dindarın həbs olundu. Heç bir halda bu məsələ bizim üçün faydalı olmadı. Bizim dövlətə bu lazım idi ki, bu qədər inanclı şəxsləri özlərindən narazı salsın. Əksinə bizim bu gün milli birliyə ehtiyacımız olduğu halda, inanclı ailələri sıxıntıya salmağı nə ad qoymaq olar. Nəhayət təhsil ilinin sona çatması onu göstərdi ki, bu qadağa özünü doğrultmadı. Hicab qadağası dünya praktikasında mövcud deyil, hətta inkişaf etmiş ölkələrdə hicablı xanımlar çox rahat formada məktəbə gedə bilirlər. Lakin çox təəssüf ki, müsəlman ölkəsi olan Azərbaycanda bu qadağa mövcuddur. Əgər problem vahid formaya görədirsə, dünyanın inkişaf etmiş ölkələrindən olan İrlandiyada tətbiq olunan vahid məktəbli forması hicablı şagirdlərin haqqını tanıyır. Dərs ilinin sona çatmasına baxmayaraq, bu problem mövcud olaraq qalıb. Yenə də etiraz ruhiyyəli insanlar mövcuddur. Bu qadağanı tətbiq etmək istəyənlər ilk öncə xoş niyyətli olduqlarını bildirirdilər. Lakin ötən 8 ay ərzində baş verən hadisələr heç də müsbət sonluqla nəticələnmədi. Hicab qadağası yersiz gərginliklər, həbslər və ümidsizliklər yaratdı. Bizə lazım idi ki, əla qiymətlə oxuyan hicablı şagirdlər məktəbdən xaric olunsun? Biz onun başının çölünə yox, içinə baxmalıyıq. Amma bu gün baxsaq 2 qiyməti ilə oxuyan şagirdlər məktəbə gedir, amma əla qiymətlərlə oxuyan hicablı şagirdlər təhsil hüququndan məhrum olub. Biz ümid edirik ki, yeni dərs ilində bu problem öz həllini tapacaq".

Elçin Manafov: “Hakimiyyətin bu problemə qarşı belə bir mövqedən çıxış etməsi, xalqın hakimiyyətə qarşı tam olaraq etimadını itirməkdən başqa bir şey deyil. İndiyə qədər biz öz çıxışlarımızda bildirmişdik ki, əgər bura qədər biz susuruqsa bunun mənası o deyil ki, biz aciz qalmışıq. Biz sadəcə olaraq fikirləşirdik ki, bu məslə sadəcə sivil yolla həll olunar. Lakin, görürük ki, bunların problemi həll etmək fikiri yoxdur. Yeri gəlmişkən bunu da deyim ki, AİP prezidentlə görüşmək üçün müraciət etmişdi. Biz bu müraciəti ona görə etmişdik ki, şəxsən prezidentin öz dilində eşidək ki, bu problemləri həll etmək istəyir, yoxsa yox. Əgər həll etmək istəyir, amma edə bilmirsə bunu aydınlaşdıraq. Və ya həll edə bilir, amma etmək istəmir və bu xalqı saymır onu da bilək. Bütün bu cür soyuq yanaşmalar xalqı tam olaraq məyus etməyə başlayıb. Mən bu problemin həll olunması ilə bağlı ümid etdiyimi deyə bilmərəm, amma arzu edirəm ki, bu məsələ yeni dərs ilində həll olsun".

 

 

  • Yazılıb
  • da (də) 2011 Jun 06