Tarix : 2011 Jun 07
Kod 23250

6 may aksiyasinda tutulanlara baş çəkən yoxdur. Niyə?

Mayın 6-da Bakıda “Hicaba azadlıq” aksiyasına görə həbs olunanlara nə bir hüquq müdafiəçisi baş çəkib, nə də Ombudsman Aparatının əməkdaşı
wellpromised/Aran agentliyi

Mayın 6-da Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyasına görə həbs olunanlara nə bir hüquq müdafiəçisi baş çəkib, nə də Ombudsman Aparatının əməkdaşı. Barəsində cinayət işi qaldırılan Şirxan Orucovun vəkili Zaur Məmmədov və ilahiyyatçı Taleh Bağırovun müdafiəçisi İntiqam Hacıyevin sözlərinə görə, ötən bir ay ərzində onlarla heç kim görüşməyib.

İ.Hacıyev qeyd edib ki, ittiham olunanlarla maraqlanmaq, saxlanma yerlərinin vəziyyətinin monitorinqini aparmaq hüquq müdafəçilərinin, Ombudsman Aparatının səlahiyyətlərinə daxildir: “Bu həm də Allah rizası üçün yaxşı əməl hesab olunur. Lakin bu müddət ərzində Taleh Bağırovla kimsə görüşməyib. Ola bilər ki, Ombudsman Aparatı, yaxud hansısa hüquq müdafiəçisi ailənin müraciətini gözləyir. Amma hesab edirən ki, ailənin müraciəti oldu-olmadı, onlara baş çəkilməlidir”.

İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov “Media forum”a açıqlamasında deyib ki, onun Ədliyyə Nazirliyinin cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında monitorinqlər aparmaq, tutulanlarla görüşmək imkanı yoxdur: “Məni qoymurlar. Çünki onları tənqid edirəm. Buna baxmayaraq hər 6 aydan bir komitənin hazırladığı hesabatlarda ümumi mənzərəni təsvir edirəm. Bugünlərdə açıqlayacağımız hesabata 6 may aksiyası zamanı həbs olunanlar barədə məlumatları daxil edəcəyəm”.

Ədliyyə Nazirliyi yanında Penitensiar Sistemə Nəzarət üzrə İctimai Komitənin koordinatoru, hüquq müdafiəçisi Əliməmməd Nuriyev qeyd edib ki, bu qurumun mandatı yalnız məhkum edilmiş və azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslərə aiddir: “Bizim yalnız məhkəmənin qanuni qərarı qüvvəyə minmiş və cəzaçəkmə müəssisələrində azadlıqdan məhrumetmə cəzası çəkən şəxslərin monitorinqini keçirmək səlahiyyətimiz var. İstintaq altında olan şəxslərlə görüşmək yalnız müstəntiqin razılığı ilə həyata keçirilə bilər”.

Hüquq müdafiəçisi onu da vurğulayıb ki, “Tutulan və şübhə edilən şəxslərin hüququ statusu haqqında” qanun qəbul edildikdən sonra istintaq təcridxanasında saxlanılanlarla maraqlanmaq asanlaşa bilər: “Bu qanun artıq Milli Məclisdə birinci oxunuşdan keçib, o, qəbul olunduqdan sonra tutulan və şübhə edilən şəxslərlə bağlı hüququ vəziyyət daha asanlaşacaq. Ola bilər ki, bu qanunun qəbulundan sonra ya bizim ictimai komitəyə əlavə səlahiyyət verilsin, yaxud ictimai nəzarəti həyata keçirəcək yeni qurum yaradılsın”.

Ombudsman Aparatının mövqeyini öyrənmək mümkün olmayıb. "Media forum"

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Jun 07