Hicab məhbuslarının işini araşdıran istintaq qrupunun rəhbəri Nazim İsmayılov mediaya ilk açıqlamasını verib
wellpromised/Aran agentliyi
Hicab məhbuslarının işini araşdıran istintaq qrupunun rəhbəri Nazim İsmayılov mediaya ilk açıqlamasını verib. İyunun 7-də “Media forum” saytı istintaq qrupunun rəhbərindən “Hicaba azadlıq” aksiyasına görə neçə nəfərin cinayət məsuliyyətinə alındığını, Cinayət Məcəlləsinin hansı maddələri ilə ittiham irəli sürüldüyünü, kimlərin həbs olunduğunu soruşub.
İstintaq qrupunun rəhbəri, Bakı Şəhər Baş Polis İdarəsinin istintaq və təhqiqat idarəsinin rəisi Nazim İsmayılov “Media forum” saytına açıqlamasında deyib ki, istintaq sirri olduğuna görə məlumat verə bilməz: “Mən ümumi məlumat verə bilmərəm. Əgər məlumat verilməsi lazım olsa, dəqiq və ətraflı məlumat verməliyəm. Hazırda isə bu mümkün deyil. İstintaqın gedişi zamanı onun sirrini yaymaq olmaz. Buna bizim səlahiyyətimiz yoxdur”.
Nazim İsmayılov onu da qeyd edib ki, qanuna görə, həbs olunanların vəkilləri bütün iş materialları ilə cinayət işi yekunlaşandan sonra tanış ola bilirlər: “İstintaq bitib iş məhkəməyə göndəriləndə tərəflərin materiallarla tanış olma mərhələsi olur. Vəkillər də, ittiham olunan şəxslər də iş materialları ilə o vaxt tanış olurlar. İstintaq aparan şəxslərdən başqa kiminsə ixtiyarı yoxdur ki, kiməsə məlumat versin, kimdənsə məlumat alsın”.
“Hicaba azadlıq” aksiyası mayın 6-da Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilib. Qeyri-rəsmi məlumata görə, indiyə qədər 16-dək şəxs cinayət məsuliyyətinə alınaraq həbs olunub. “Media forum” saytının əldə etdiyi tam olmayan siyahı belədir:
1. Şirxan Orucov. Cinayət Məcəlləsinin 221.2.2. (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 221.3. (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddələri ilə ittiham olunur.
2. Tərlan İsmayılov. Cinayət Məcəlləsinin 221.2.2 və 221.3. maddələri ilə ittiham olunur
3. Taleh Ələkbərov. Əlavə məlumat yoxdur.
4. Araz İsmayılov. Əlavə məlumat yoxdur.
5. Rəşad Vəliquliyev. Cinayət Məcəlləsinin 221.2.2 və 221.3. və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə ittiham olunur.
6. Çingiz Novruzov. Əlavə məlumat yoxdur
7. Rüfət Nuriyev. Əlavə məlumat yoxdur.
8. Elşən Abbasov. Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə ittiham olunur.
9. Taleh Bağırov. Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə ittiham olunur.
Bu şəxslərdən əlavə yalnız adları bilinən həbs olunanlar da var: Məhəmməd, Rövşən, Əlvan, Mais, Araz.