Qarabağ Azadlıq Təşkilatı ATƏT və Minsk qrupunun son siyasətlərini tənqid edən bəyanat yayıb
wellpromised/Aran agentliyi
Qarabağ Azadlıq Təşkilatı ATƏT və Minsk qrupunun son siyasətlərini tənqid edən bəyanat yayıb. Bəyanatda deyilir:
"ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin verdiyi son açıqlamalar danışıqların həqiqi mahiyyətinə aydınlıq gətirir və Minsk qrupunun vastəçiliyi ilə aparılan danışıqların Azərbaycanın maraqlarına zidd olduğunu aydın şəkildə göstərir. Kazan görüşü ərəfəsində bu açıqlamaların verilməsi təsadüfi deyil və Azərbaycan xalqının təslimçi sülhə hazırlanmasına xidmət edir. Burada bəzi məqamlar xüsusi olaraq qeyd olunmalıdır:
1. Dağlıq Qarabağ Azərbaycanla Ermənistan arasında mübahisəli ərazi kimi göstərilir. Bu, tamamilə yalnış yanaşmadır və Azərbaycan torpaqlarını işğal etmiş Ermənistanın məsuliyyətdən yayınmasına xidmət edir.
2. "Aralıq statusu" deyilən məsələnin razılaşdırıldığı və bunun beynəlxalq səviyyədə tanınmasının zəruriliyi vurğulanır. Heç bir halda aralıq statusundan söhbət gedə bilməz. Bu, Dağlıq Qarabağın hüquqi cəhətdən itirilməsi demək olacaqdır.
3. Azərbaycan tərəfinin Laçın dəhlizi ilə bağlı məsələyə razılaşdığı bildirilir. Bu, Azərbaycan xalqına qarşı xəyanət deməkdir. Biz nə üçün ərazimizi işğal etmiş Ermənistana öz ərazimizdən üstəlik bir dəhliz də verməliyik?! Bu, məntiqsiz və təslimçi bir mövqedir.
Qarabağ Azadlıq Təşkilatı hesab edir ki, Azərbaycan hakimiyyəti təslimçi tələblərin yer aldığı danışıqlar prosesindən dərhal çıxmalıdır. Biz həmsədr ölkələrdən Azərbaycanı təslimçi sülhə məcbur etmək cəhdlərinə son qoymalarını tələb edirik. Dağlıq Qarabağ məsələsini dinc yolla həll etməyin ancaq bir yolu var: BMT Ermənistanı işğalçı dövlət kimi tanımalı, ona qarşı sanksiyalar tətbiq etməli və bunula da işğalçı qüvvələrin Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasına nail olmalıdır. Əks halda, Azərbaycan hakimiyyəti bu təslimçiliyə təhrik edən danışıqlardan imtina etməli və müharibəyə başlamalıdır. Bu danışıqlar davam etdirilərsə və Kazanda hər hansı təslimçi sənəd qəbul olunarsa, Qarabağ Azadlıq Təşkilatı Ermənistana sanksiyaların tətbiq olunması, danışıqların dayandırılması və müharibənin başlanılması tələbləri ilə aksiyalara başlayacaqdır."