wellpromised/Aran agentliyi
İsrailin bir neçə diplomatı Azərbaycanda səfərdədirlər.
İslam-Azeri.az İnternet qəzetinin "Yəhudi Xəbərlər Agentliyi"nə istinadən verdiyi xəbərə görə, kimlikləri açıqlanmayan bir neçə sionist İsrail rejiminin diplomatı "Xəzərin neft və qazı - 2011" adlı tədbirə gəliblər.
İyunun 7-10 tarixlərində «Iteca Caspian» şirkətinin təşkilatçılığı ilə «Bakı Ekspo» mərkəzində 18-ci Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji Sərgisi keçiriləcək. Sərginin açılışından bir gün sonra yenə də «Iteca Caspian» şirkətinin vasitəçiliyi ilə Bakıda «Xəzər Neft və Qaz, Neftayırma və Neftkimyası» adlı tədbirlər keçirilir.
Sərgidə 27 ölkədən 285 şirkət iştirak edir.
İsraildən bu tədbirdə iştirak edənlər Azərbaycanın İsraillə iqtisadi əlaqələrini yüksək qiymətləndirirlər.
İsrailin diplomatik missiyasından verilən açıqlamaya görə, 2010-cu ilin hesabatına əsasən İsrail Azərbaycandan 3 milyon ton neft almışdır ki, bunun da qiyməti 1.75 milyard dollar edir. Hesablamalara görə İsrail Azərbaycanın neft müştəriləri içində 3-cü yerdədir və ölkənin ekport edilən neftinin 9,5%-ni alır".
Qeyd edək ki, "Mərkəz" İnformasiya agentliyinin bildirdiyinə görə, Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası Sərgi və Konfransı Xəzəryanı regionun neft və qaz sahəsində ən böyük tədbiri sayılır. Dövlət strukturları tərəfindən xüsusi diqqət və dəstək göstərilən bu tədbir neft-qaz sənayesinin problemlərini müzakirə etmək, habelə neftin və qazın hasilatı və emalı sahəsində əldə olunmuş ən yeni nailiyyətləri nümayiş etdirmək üçün hər il dünya neft sektorunun mütəxəssislərini və əsas iştirakçılarını bir araya gətirir.
Ənənəvi olaraq, “Caspian Oil and Gas” (Xəzər Neft-Qaz) layihəsinə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən də dəstək verilir. Artıq altıncı ildir ki, sözügedən sərgi beynəlxalq səviyyəli «UFI» – Ümumdünya Sərgi Sənayesi Assosiasiyası tərəfindən təsdiq edilir.
Bu il keçiriləcək sərgidə Norveç Şahzadəsi Xokon, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinqer, ABŞ Dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstar, Gürcüstanın energetika naziri Aleksandr Xetaquri, Norveçin Neft və Energetika naziri Ola Borten Moe və başqaları vardır. Bu tədbirdə Azərbaycan, Macarıstan, Ukrayna, Rusiya və Türkmənistanın müvafiq nazirliklərinin nümayəndələri, habelə neft və qaz sektorunda fəaliyyət göstərən iri şirkət və strukturların nümayəndələri də iştirak edəcəklər.