Tərlan Eyvazov: ''Hərbi paradın nəinki indi, hər il keçirilməsinə ehtiyac var''
wellpromised/Aran agentliyi
“5-6 köhnə texnikanı rəngləyib çıxardıb ortaya “bu bizim hərbi gücümüzdür” demək gülüncdür”
FaktXeber.com-un verdiyi məlumata görə, iyunun 26-da Silahlı Qüvvələri Günü münasibəti ilə Bakıda hərbi parad keçiriləcək. “Azadlıq” meydanında keçiriləcək paradda Silahlı Qüvvələrin bütün növləri iştirak edəcək. Artıq hazırlıq işlərinə başlanıb. Azərbaycanda hərbi parad keçirməyə ehtiyac varmı? sualına cavab axtarmağa çalışdıq.
Hərbi ekspert Tərlan Eyvazov hesab edir ki, parad gənclərin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsində çox mühüm rol oynayır: “Hərbi paradın nəinki indi, hər il keçirilməsinə ehtiyac var. Ordumuz Azərbaycanın dövlətçiliyinin, müstəqilliyinin ən birinci atributlarından biridir. Parad gənclərin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsində çox mühüm rol oynayır. Biz buna çox ciddi yanaşmalıyıq. Qonşu Gürcüstandakı kimi bizdə də mütəmadi keçirilməlidir. Parad gənclərdə, xalqda orduya münasibət formalaşdırır. Bu işdə başqa dövlətlərin də təcrübəsindən istifadə olunsa, yaxşı olar. Bu vaxta kimi Azərbaycanda 2 dəfə parad keçirilib. 1992-ci ildə və 2008-ci ildə həmin dövrün imkanlarına uyğun olaraq yüksək səviyyədə keçirilib. Amma bu il daha təmtəraqlı olmalıdır”.
Hərbi ekspert Ələkbər Məmmədov isə parad tipli tədbirləri növbəti hərbi şou adlandırır: “Parad tipli tədbirləri növbəti hərbi şou adlandırıram. Belə tədbirlərlə ölkənin hərbi gücü nümayiş etdirilmir. Gücü nümayiş etdirmək üçün müəyyən kriteriyalar var: Keyfiyyət olmalıdır, orduda müəyyən problemlər olmamalıdır, zabitlərin sosial təminatı yüksəldilməldir, qanunun aliliyi təmin olmalıdır, hərbçilərin təhqir olunmasının qarşısı alınmalıdır. Ölkənin hərbi gücü bu kriteriyalarla ölçülür. Parad keçirməklə orduya rəhbərlik edən çəxslər göstərmək istəyirlər ki, bu vaxta kimi tutduqları vəzifədə nələrsə ediblər. Təəssüflər olsun ki, bu vaxta kimi ordunu tənqid edən hərbi ekspertlər indi orduda baş verənlərə göz yumub rəhbərliyin gördüyü işləri malalayırlar. Hamı bilir ki, ordumuz nə vəziyyətdədir? 5-6 köhnə texnikanı rəngləyib çıxardıb ortaya “bu bizim hərbi gücümüzdür” demək gülüncdür. Artıq hərbi paradlar keçmişdə qalıb. Heç bir güclü dövlətdə hərbi parad keçirilmir. Gücü əməldə göstərmək lazımdır, görüntüdə yox. Azərbaycan Müdafiə Sənayesi Nazirliyi heç nə istehsal etmir. Cənubi Afrika Respublikasında heç kimə lazım olmayan texnikanın hissələrini Gürcüstana gətirirlər, oradan da bizə gətirirlər. Xaricdən mütəxəsislər gətirib həmin köhnə texnikanı yığdırıb Azərbaycan Müdafiə Sənayesi nəailiyyəti kimi təqdim edirlər. Absurddur! Burada nəaliyyət görmürəm. İsraillə əməkdaşlıq edib kəşfiyyat təyyarələrini Azərbaycana gətirirlər. Kəşfiyyat təyyarələri bizim nəyimizə lazımdır? Dünya artıq hər yerə peykdən nəzarət edir”.