Tarix : 2011 Jun 08
Kod 23274

Yeni Müsavat: ''Şeyx həbsdəki dindarları niyə müdafiə eləmir?''

QMİ sözçüsü: “O insanlar dindar olduqları üçün saxlanılmayıblar”
wellpromised/Aran agentliyi

Bu ilin əvvəlindən ölkədə çoxlu sayda dindar həbsə atılıb. Onların bir qismi hicab qadağasına etiraz olaraq keçirilən aksiyalarda, qalanları isə müxtəlif vaxtlarda fərqli şəraitlərdə saxlanılıblar.

O cümlədən mayın 6-da Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilən “hicab aksiyası”nda aralarında ruhanilərin də olduğu çoxlu sayda dindar saxlanılıb. Onlardan bir çoxuna günlük həbs verilib, bir hissəsinə isə cinayət işi açılıb.

Qeyri-rəsmi məlumata görə, indiyədək 15 nəfərdən çox şəxsə cinayət işi qaldırılıb. Bundan başqa daha əvvəl Gəncədə iki ruhani həbs olunub, onlara xuliqanlıq ittihamı ilə həbs cəzası verilib. Eyni zamanda Azərbaycan İslam partiyasının bir qrup üzvü həbs olunub, hansılar ki, bir çoxu ruhani olub.

Ancaq nədənsə Azərbaycanın rəsmi (artıq belə görünür) dini qurumu olan Qafqaz Müsəlmanları İdarəsi (QMİ) həbs olunan dindarların işi ilə maraqlanmır, onların azadlığa buraxılması ilə bağlı müraciət etmir. Hər halda mətbuata bu barədə məlumat verilmir. Doğrudur, ilin əvvəlində İslam Partiyasının sədri və üzvləri saxlanılanda QMİ bu barədə açıqlama ilə çıxış edərək AİP rəhbərliyini dövlət əleyhinə çıxış eləməkdə qınamışdı. Ancaq AİP üzvlərindən fərqli olaraq digər saxlanılanlar heç bir siyasi fəaliyyətlə məşğul olmayıblar. Bu insanların yeganə “günahı” ölkədə şagirdlərin məktəbə hicabla getməsinə qoyulan qadağaya etiraz etmək olub. Bu isə sırf insan haqları və din azadlığı məsələsidir. Yəni bu insanların ölkənin ruhani rəhbərliyindən dəstək almaq haqları var.

Ancaq QMİ rəhbərliyi hələ tələsmir. İdarənin mətbuat katibi Rəhimə Dadaşova həbsdə olanların dindar olduqları üçün deyil, qanunları pozmaqda ittiham olunduqlarını dedi. Bu səbəbdən idarə sözçüsü həbs olunan dindarların müdafiəsi ilə bağlı hər hansı müraciətin olmadığını bildirdi: “O insanlar dindar olduqları üçün saxlanılmayıblar. Görünür, hansısa cinayət əməlində ittiham olunurlar. Onlarla bağlı hər hansı müraciətin olub-olmadığını deyə bilmərəm”.

 

  

  • Yazılıb
  • da (də) 2011 Jun 08