Bu gün mətbuatdan tanış olduğum bir xəbər məni sarsıtdı desəm, inanın ki, mübaliğə etməmiş olacam
wellpromised/Aran agentliyi
Bu gün mətbuatdan tanış olduğum bir xəbər məni sarsıtdı desəm, inanın ki, mübaliğə etməmiş olacam. Və əminəm ki, hər bir inanclı da bu xəbəri ürək ağrısı ilə qarşıladı. Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsinin hicab məhbusları barəsində “O insanlar dindar olduqları üçün saxlanılmayıblar. Görünür, hansısa cinayət əməlində ittiham olunurlar” deməsi xəbərini nəzərdə tuturam. Bu cür açıqlamanın Qafqaz Müsəlmanları İdarəsindən gəlməsi hər bir ölkə inanclısı üçün ürəkağrıdan bir hal oldu, əlbəttə.
İlk əvvəl onu deyim ki, ölkədə ağlı başında olan hər kəs bilir ki, bu insanlar elə məhz dindar olduqları üçün, öz dinlərinə, dəyərlərinə qiymət verdikləri üçün, sahib çıxdıqları üçün həbs olunublar. Bu insanlar öz qanuni haqlarını tələb ediblər. 7 aydır ki, ölkədə təhsil sahəsində hicab qadağası yaşanır. Bu məsələnin həlli istiqamətində müsbət bir şey etməyən və ya edə bilməyən, öz dindar mövqeyini sərgiləyə bilməyən, adını Qafqaz Müsəlmanları İdarəsi qoyan bir qurum, daha sonra hicab qadağısına etiraz etdikləri üçün həbs olunan dindarların həbsinə də və onların azadlığa çıxması üçün də bir münasibət bildirmədi. Bu azmış kimi, QMİ-nin indi də həbs olunan dindarları, onların ailələrini, ümumilikdə inanclı kəsimi mənəvi cəhətdən sarsıdan bu cür bəyanat verməsi - ancaq məsuliyyətsizlik adına yazıla bilər. Təbii ki, hicab məhbuslarına cinayətkar adını vermək - özü bir mənəvi cinayətdir. Mənim üçün maraqlıdır ki, nə etməlidir müsəlman? Əgər hicab problemi öz həllini bir şəkildə tapmırsa, QMİ öz vəzifəsinin icrası istiqamətində bir addım atmırsa, üzərinə bir şey götürmürsə, bəs o zaman nə etməlidir dindar? Təbii ki, QMİ bunu həll etmirsə, o zaman dindarlar da özləri bu haqlarını tələb etmək məcburiyyətində qalırlar. Onların öz haqlarını tələb etməsi də, nəüzübillah, “cinayət” kimi təqdim edilir! Əgər bu cür açıqlama başqa idarələrdən gəlsə idi, haradasa anlaşılan idi. Çünki bu, artıq xarakterik olmağa başlayıb. Və burada qeyri-adi bir şey yoxdur. Amma QMİ adına birinin belə açıqlama verməsi - tam məsuliyyətəsiz bir addımdır. Bu, o deməkdir ki, QMİ də bu qadağaya əl qoyur. Əgər QMİ səviyyəsində hicaba görə həbs olunan dindara “cinayətkar” deyilirsə, o zaman bu ölkə dindarının haqqı var ki, QMİ-ni də hicab qadağasında suçlu bilsin, həm də ən yumşaq halda.
İkincisi, bir xatırlatma verim ki, bir müddət əvvəl Gürcüstanda yaranan GMİ ilə bağlı şeyx açıqlama verəndə demişdi ki, bu, Gürcüstan müsəlmanlarının mənəvi cəhətdən Azərbaycandan ayırmaqdır. İndi analoji sualla elə şeyxə səslənirəm: bu bəyanat bəs nədir?!
Bu, müsəlmanlara qarşı mənəvi cinayət deyilmi? Bu ölkədə çoxluq olan müsəlmanın hüquqlarının məhdudlaşdırılmasına əl qoyan (bu açıqlamaya görə) bir qurumun mənəvi haqqı varmı ki, Gürcüstan Müsəlmanları İdarəsinə irad tutsun?!
Ona görə də tez bir zamanda QMİ-dən başbilənlər açıqlama verərək, bu məsuliyyətsiz çıxışı inkar etməlidirlər.
/deyerler.org/