wellpromised/Aran agentliyi
Ədliyyə Nazirliyi İranın İmam Xomeyni İmdad Komitəsinin Azərbaycan nümayəndəliyinin qeydiyyatını ləğv edib. Buna səbəb kimi qurumun hüquqi ünvanı dəyişdirilərkən bu barədə nazirliyə məlumat verməməsi göstərilib.
Xatırladaq ki, İmam Xomeyni İmdad Komitəsi Azərbaycanda illərdir ki, fəaliyyət göstərir və humanitar fəaliyyətlə məşğul olur.
Faktla bağlı Ədliyyə Nazirliyi və İranın Bakıdakı səfirliyinin mövqeyini öyrənə bilmədik.
Qərarı şərh edən politoloq Zərdüşt Əlizadə bir müddət əvvəl hakimiyyətin Norveç İnsan Hüquqları Evinin qeydiyyatını ləğv etməsini xatırladtdı. «Hakimiyyət hesab edir ki, bu cəmiyyətlərin fəaliyyəti onun məqsədlərinə uyğun deyil. Bu səbəbdən də onları bağlayır».
Politoloqun sözlərinə görə, Heydər Əliyev hakimiyyətə gələndən sonra cəbhədə gedən müharibə, yüz minlərlə qaçqın ordusunun yarandığı zamanı heç kim İmam Xomeyni adına İmdad Komitəsinin fəaliyyətinə mane olmadı: “İran bir neçə il ərzində 60 min qaçqını saxladı, gündə 3 dəfə yeməyini verdi, başqa yardımlar etdi, çadır şəhərçikləri qurdu. Həmin vaxt hakimiyyət bu cəmiyyətə etiraz etmirdi. Ancaq indi hakimiyyət möhkəmlənib, əllərinə böyük neft pulları gəlib. Daha belə bir komitəyə ehtiyac durmadıqları üçün onu bağlayırlar. Əgər Komitə dövlətin və ya xalqın əleyhinə iş görürsə, bunu açıqlasınlar. Əgər xeyriyyə cəmiyyəti kasıba əl tutursa, onu bağlamaqda məqsəd nədir? Əgər İranın heç bir nüfuzunun olmadığını istəyirlərsə, bu mümkün olan şey deyil. Çünki İran bizim qonşumuzdur, mədəniyyət, din baxımından yaxınıq. Biz coğrafi baxımdan qonşuyuq və unutmayaq ki, xalqımızın dörddə üçü orada yaşayır. Əgər bu komitə bir cinayət törətsəydi, bunu yazardılar və qeydiyyatın ləğv edilməsinin səbəbini göstərərdilər. Əgər səbəbsiz bağlayıblarsa deməli burada siyasi motivlər var”.
Nemət
Bizim Yol