Mehparə Səmədova: ''Beş aylıq həsrətdən sonra nəhayət, şüşə arxasından olsa da, Hacı Mövsümü gördüyümüz, səsini eşitdiyimiz üçün ürəyimiz aramlıq tapdı''
wellpromised/Aran agentliyi
Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov ailə üzvləri ilə görüşüb. M.Səmədovun durumu və ümumiyyətlə bu görüş barədə ətraflı məlumat almaq üçün AİP sədrinin həyat yoldaşı Mehparə Səmədovaya müraciət etdik.
Mehparə xanım dedi ki, Hacı Mövsümlə qayınatası, qızı Zəhra, oğlu Zeynalabidinlə birgə görüşüblər. Onlar M.Səmədovla şüşə arxasından telefonla danşıblar. Görüşə təxminən 30-35 dəqiqə icazə verilib.
Beş aylıq həsrətdən sonra nəhayət, şəffaf şüşə arxasından olsa da, Hacı Mövsümlə görüşdüklərini, səsini eşitdiklərini söyləyən Mehparə xanım çox şad olduqlarını dilə gətirdi: “Bismillahir Rəhmanir Rəhim. Hacının həbsinə, üstəlik, onu uzun müddət görmədiyimizə görə psixoloji durumumuz çox gərginləşmişdi. Bu görüşdən sonra isə sanki üzümüzə işıqlı bir sabah açılıb, ürəyimiz aramlıq tapıb. Amma əlbəttə, Hacını həbsxana divarları arasında görməyimizdən çox təsirləndik. Hamımız kövrəldik. Təsəllini onda tapdıq ki, Hacı Mövsümün səhhəti normal, əhval-ruhiyyəsi isə yaxşı idi. Ancaq üzü bir qədər solğunlaşmış, vücudu xeyli zəifləmişdi. Səbəbini soruşanda dedi ki, oruc saxlayır. Hacı həbsxana nəzarətçilərinin, müstəntiqin ona ehtiram göstərdiklərini, günün çox hissəsini Qurani-Kərimi oxumağa, mütaliəyə, bəzən də idmana sərf etdiyini vurğuladı. Hacı hər yerdə olduğu kimi, həbsxana divarları arasında da özünə nizamlı, səliqəli həyat şəraiti yaradıb”.
AİP sədri xanımı ilə söhbətdə bir ay ərzində məhkəmə prosesinin başlaya biləcəyini deyib. Hacıxanım vaxt məhdudiyyəti olduğu üçün bu və digər məsələlər barədə ətraflı danışa bilmədiklərini ifadə etdi.
“Hacı Mövsüm ilk növbədə uşaqlara dərslərilə ciddi məşğul olmağı, namazlarını vaxtında qılmağı, gündəlik duaları oxumağı tövsiyə etdi” - deyə M.Səmədova vurğuladı: “Hacı eyni zamanda bizə möhkəm olmağı tapşırdı. Və bildirdi ki, onlar haqq yoldadırlar, heç bir günahları yoxdur və inşaallah, Allahın fərəcini gözləyirlər. O, hər bir kişinin zindana düşə biləcəyini və bunun, belə demək mümkünsə, kişi işi olduğunu dilə gətirdi. Hacının ən böyük narahatlığı partiyanın digər rəhbər şəxslərinin, qardaşım Firdovsi Məmmədrzayevin, əmisi oğlu Dəyanət Səmədovun həbsilə bağlıdır”.
Mehparə xanım da istər yoldaşının, istərsə də digərlərinin şərlənərək həbs olunmasından əndişələndiyini, sarsıldığını diqqətə çatdırdı: “Əlaqədar şəxslərə sual verirəm, nə üçün günahsız insanları zindanda saxlayırsız? Nə üçün onların həyat yoldaşlarını, uşaqlarını, ahıl, xəstə ata və analarını gözüyaşlı qoymusuz. Qəddar əməllərinizə görə Axirətdə Allaha hansı cavabı verəcəksiz? Axı hamıya bəllidir ki, bu pak, imanlı, həqiqi Allah bəndələrinin yeri həbsxana deyil. Onlar mənəviyyatı zədələnən cəmiyyətimizə bir dərman, hava və su kimi lazımdır. Bu insanların heç biri öz evində silah gizlətməyib. Silahı qardaşımın da, D.Səmədovun da evinə polisin özü atıb. Amma bunu sübut etmək çox çətindir. Buna heç imkan da vermirlər. İstintaq da şəffaf aparılmadı. Sözümüzü, tələblərimizi dinləyən belə olmadı”.
Söhbət əsnasında Mehparə xanım cəmiyyətin biganəliyindən də şikayətləndi: “Müsəlman kimi bir-birimizin dərdinə şərik olmalıyıq, bir-birimizə dəstək verməliyik. Lakin bu dəstəyi görmürük. Cəmiyyət tamamilə biganələşib. Ona görə də ümidimiz yalnız Allah, pənahımız isə Qurani-Kərim, Həzrət Məhəmməd Peyğəmbər (s), İmamların (ə) kəlamlarıdır”.
Son olaraq qeyd edək ki, M.Səmədovla bağlı sonuncu istintaq hərəkəti iyunun 2-də aparılıb. Bu barədə mətbuata açıqlama verən vəkil Anar Qasımov bildirib ki, AİP sədrindən sonuncu dəfə ifadə alınıb, istintaqın keçirdiyi müxtəlif ekspertizaların rəyi açıqlanıb. A.Qasımovun sözlərinə görə, rəylər tutulanların ifadələri, partiyanın ofisindən götürülən disklər və sənədlərlə bağlıdır. Yekun olaraq dindirilən M.Səmədov bildirib ki, əvvəlki ifadələrini təsdiq edir. Ona yekun ittiham elan olunub və əvvəlki maddələrdə heç bir dəyişiklik edilməyib.
Xatırladaq ki, M.Səmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə – mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 278-ci (hakimiyyəti zorla ələ keçirmə) maddələri ilə ittiham olunur.