wellpromised/Aran agentliyi
HaqqYolu - Hacı Mövsümə, Hacı Talehə, Yusuf Hocaya və bütün Yusifiyyə əhlinə salamlar!
Bismillahir-Rahmənir-Rahim!
Baldan şirin, süddən ağ nədir?! Bəli, Rəcəb ayı. Bir axar mənəvi çay. Şirinlik dadmaq istəyən, paklanmaq istəyən üçün. Hazırlaşmaq üçün. Axı, qarşıda Allah qonaqlığı gəlir. Mübarək Ramazan ayı.
Belə gətirdi ki, bu Rəcəb ayına bir neçə tanıdığım mənəvi insanın zindanda olması ilə daxil oldum. Zindan... İnsan azadlığının məhdudlaşdığı bir məkan. Zatən, bu dünya mömin üçün gerçəkdən bir zindan...
Əminəm ki, bu mənəvi insanlar Rəcəb ayının orucundan bəhrələnirlər. Günləri zikrlə, dua ilə keçir. Düşündüm ki, bu arada bu inanc insanlarının bir neçəsini xatırlamaq istəyimiz - ilahi bir tofiqatdandır, inşəallah.
Hacı Mövsüm. İlk tanışlığmız Avropa Məktəbinin növbəti sessiyası zamanı baş tutdu. Məhərrəm-Səfər əyyamı idi. Qubanın qədim məscidlərinin birinə namaza getdim. Orada namazdan və mərasimdən sonra tanışlığımız baş tutdu. Şama dəvət edildim. Bir neçə saat hər ikimizin doya bilmədiyi mənəvi söhbətlər etdik. Əllamə Təbatəbainin “Əl-Mizan” təfsirindən tutmuş, məntiq elmindəki hüsuli və hüzuri anlamın metodolojilərinə qədər. İki ruhani-tələbə arasında vəcdverici bir söhbət. İllər keçdi. Hacı Mövsüm siyasi fəaliyyəti ilə əlaqədar Bakıya gəldi. AİP-in sədri seçildi. Amma münasibətlərimizi hər zaman iki ruhani-tələbə mənəvi münasibətləri tutumunu itirmədi. Hətta hər hansı baş verən olaya nəzəri-praktiki fərqli yanaşmamız olanda belə. İndi bəlli hadisələr nəticəsində Hacı Mövsüm zindandadır. Allah qapısını açsın. Əslində bu, inancla bağlı aparılan yanlış bir siyasətin nəticəsi olaraq baş vermiş bir olaydır. Hacı Mövsümün ittiham olunduğu maddələin ona heç cür aid olmaması - məncə gün kimi aydındır. Allah qapısını açsın Hacı Mövsümün tezliklə, inşəallah.
Hacı Taleh. Cavan bir islam ruhani-tələbəsi. Həyatımızda bir, ya iki dəfə görüşmüşük. Səhv etmirəmsə, Məsumlarla (ə) baglı ehsana hər ikimiz dəvətli idik, illər öncə. Ünsiyyət zamanı ölkədəki məscid sökülmədən dərdləşdik (o zaman məktəblərdə hicab qadağası hələ tətbiq edilməmişdi). Yanğısı var idi. Həbsindən öncə də, həbsi zamanı da hicab qadağasının aradan getməsi üçün əlindən gəldiyi işi görməsi hiss olunurdu. Hacı Talehin ittiham olduğu maddələrin ona heç cür aid olmaması da - məncə hər kəsə gün kimi aydındır. Allah qapısını açsın Hacı Talehin tezliklə, inşəallah. Hə, unutdum. Ləbbəykə, ya Hüseyn (ə)!
Yusuf Hoca. Qarabağ savaşının qazilərindən və qardaş türk xalqının sevimlilərindəndir. Hər zaman Türkiyə üçün, Azərbaycan üçün, ümumən bütün türk-müsəlman dünyası üçün qəlbi yanan bir insandır Yusuf Hoca. Son görüşümüzdə Azərbaycanda hicab qadağasından çox üzüldüyünü bildirmiş və bu qadağaya dəstək olaraq bəzi millətçi adına edilən addımlardan bərk əsəbləşmişdi. Yusuf Hocanın ittiham olunduğu maddələr ağlasığmazdır. İslam əxlaqı daşıyıçısının hər hansı zorakılıqdan uzaq olması - məncə tam aydın məsələdir. Allah Təala Yusuf Hocanın qapısını açsın.
Gəncəli ruhanilər Hacı Azər və Hacı Fəxri, ziyalı Hacı Vaqif, axund Seyyid Fəramiz və neçə-neçə zindanda olan mənəviyyat insanı. Günahsız yerə, haqqı müdafiə etdikləri üçün zindana düşmüş insanlar. Hə, unutmuşdum, Arif Hacılı, Tural Abbaslı, Bəxtiyar və daha-daha neçə-neçə tanıdığım və tanımadığım insanlar. Allah qapınızı açsın!
Rəcəb ayı nurani təravəti ilə bizi əhatə edir. İnsanlar isə kiçik, cılız, müvəqqəti dünyadan yapışıb və elə hey yapışıb, buraxmırlar. Rəsmi dini qurumda da elə bu hiss olunur. Yoxsa, mətbuat katibi olmur, hər kim olsun, Rəcəb ayı ilə yaşasaydı, dili necə gələrdi həbsdə olan mənəvi insanlar haqqında mücərrəd ittihamlı fikirlər səsləndirməyə. QMİ rəhbərliyində və strukturlarında yəqin ki, “rəcəbiyyun” – “Rəcəb əhli” olmaq istəyənlər var. Haradasınız, qardaşlar, dostlar, əzizlər?! Hicab qadağasının aradan getməsi üçün və tutulan dindarlar üçün nə etmisiniz, nə edəcəksiniz?
Sonda isə. Bu mənəvi fürsətdən yararlanıb ölkə başçısına, prezident İlham Əliyev cənablarına müraciət edirəm.
Cənab Prezident! Hicab qadağasının təcili həlli üçün fürsət yaranmışdır. Hicab məhbuslarının və digər məhbusların azad olunması üçün gözəl fürsət yaranmışdır. Bu mübarək Rəcəb ayında bu nəcib missiyanı həyata keçirin. Genişqəlbliliyin və mənəvi tutumluluğun rəmzi olan bir dönəmdə, qəlb genişliyi ilə çözün bu müşkülləri.
Bizim hamımız bir vəziyyətə gəlib çıxmışıq ki, inanclı insan özünün ibtidai inanc həyatını yaşatmaq uğrunda çarpışmağa məcbur olmaq durumundadır. Bu torpağın xəmiri mənəviyyatla yoğrulub. Mənəviyyatla savaş aparanları lütfən durdurunuz.
Ümid edirəm ki, yaşadığımız bu mənəvi aylar bu yaranmış dalandan çıxmaq üçün gözəl bir fürsətlə səciyyələnəcək.
Uca Allahdan hər birimiz üçün bu ayların bərəkətindən bəhrələnmə diləyirəm!
Hacı İlqar İbrahimoğlu