Tarix : 2011 Jun 11
Kod 23326

Azərbaycanda “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik edilib

Rəbiyyət Aslanova: “Azərbaycanda dini icmaların qeydiyyatı ilə bağlı hər hansı problem yoxdur”
wellpromised/Aran agentliyi

Azərbaycan Milli Məclisində “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər layihəsi müzakirə olunub. APA-nın məlumatına görə, layihə barədə məlumat verən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib ki, qanuna 19 dəyişiklik təklif olunub.

R. Aslanova deyib ki, qanunun 4-1 maddəsinə (Peşəkar dini fəaliyyət və din xadimi) edilmiş əlavədə dini fəaliyyətin və din xadimi anlayışının izahı verilib: “Təklif olunan əlavəyə görə, islam dini icmaları məscidlərdə Azərbaycan vətəndaşları tərəfindən yaradıla bilər. 7-ci maddəyə təklif edilən əlavədə qeyd olunur ki, Azərbaycanda fəaliyyət göstərən islam dini qurumları Qafqaz Müsəlmanları İdarəsinə öz fəaliyyətləri haqqında hesabat təqdim etməlidir. QMİ-yə hesabat təqdim olunması heç də təsadüf deyil. İslam icmalarına din xadimləri təyinatı qanunvericiliyə əsasən QMİ-nin razılığı ilə olur. Burada məsuliyyəti QMİ daşıyır”.

Başqa bir dəyişiklik dini idarələr və mərkəzlərlə bağlıdır. Qanunun 9-cu maddəsində “ziyarətgahlar, dini təhsil müəssisələri və dini qardaşlıqlar” sözlərinin “dini təhsil müəssisələri” sözləri ilə əvəzlənməsi təklif olunur.

Başqa bir dəyişiklikdə qeyd edilir ki, dini qurumlar yalnız dövlət qeydiyyatına alınmaq üçün təqdim olunmuş məlumatlarda hüquqi ünvan kimi göstərilən ibarət yerlərində həmin dini qurumlara dini mərkəz və idarələr tərəfindən din xadimi təyin edildikdən sonra fəaliyyət göstərə bilərlər.

Qanunun 12-ci maddəsinə də (dini qurumların nizamnamələrinin qeydə alınması) dəyişikliklər təklif olunur. Buna əsasən mövcud qanunda dini icmanın qeydə alınması üçün onu yaratmış azı 10 nəfər yetkin yaşlı şəxs icmanın nizamnaməsi (əsasnaməsi) əlavə olunmuş ərizə ilə yerli icra hakimiyyəti orqanına müraciət etməlidir. Layihədə isə bu say 50 nəfər təklif olunur.

Başqa bir əlavəyə əsasən dövlət mülkiyyətində olan dini təyinatlı binalar və digər əmlak dini qurumların əvəzsiz istifadəsinə verilə bilər. Dini qurumlar torpaq sahələrindən Torpaq Məcəlləsinə uyğun olaraq istifadə edə bilərlər.

Digər əlavəyə görə, dövlət mülkiyyətində olan dini tarixi və mədəniyyət abidələrinin özəlləşdirilməsinə və Azərbaycanın milli mədəniyyət əmlakının dövlət siyahısına daxil edilmiş dini təyinatlı mədəniyyət sərvətlərinin mülki dövriyyəsinə yol verilmir.

Dəyişiklikdə dini mərkəzlərin maliyyələşməsinə dair məsələ də yer alıb. Təklif olunan varianta görə, dini mərkəz və idarələrin maliyyə vəsaiti bu qanunun tələbləri nəzərə alınmaqla əldə edilən vəsait, həmçinin fiziki və hüquqi şəxslərin, dini qurumların və ziyarətgahların könüllü ayırmaları hesabına yaranır. Dini qurumlara dövlət və yerli özünüidarə orqanları tərəfindən maliyyə yardımı da göstərilə bilər.

Dini qurumların xeyriyyəçilik və mədəni-maarif fəaliyyəti barədə təklif edilmiş dəyişikliyə əsasən dini qurumlara xeyriyyəçilik fəaliyyəti ilə bağlı fondlar təsis etmək səlahiyyəti verilir. Belə ki, dini qurumlar təsis etdikləri fondlar, o cümlədən ictimai fondlar vasitəsilə mədəni-maarif fəaliyyəti göstərə bilərlər.

Qanunun dini qurumlarda əmək-hüquq münasibətləri ilə bağlı maddəsində də dəyişiklik edilməsi nəzərdə tutulur. Bu maddənin təklif olunan yeni redaksiyasına əsasən dini qurumla işçi arasında əmək münasibətləri Əmək Məcəlləsi, işçilərin sosial sığortası “Sosial sığorta haqqında”, pensiya təminatı “Əmək pensiyaları haqqında” qanunla tənzimlənir.

R. Aslanova qeyd edib ki, Azərbaycanda dini icmaların qeydiyyatı ilə bağlı hər hansı problem yoxdur.

Söz alan deputat İqbal Ağazadə bildirib ki, qanuna təklif olunan “peşəkar dini fəaliyyət” və “din xadimi” ifadəsi təkmilləşdirilməlidir. Millət vəkili deyib ki, dəyişikliyə əsasən islam dini qurumları QMİ-yə hesabat verməlidir: “Amma Azərbaycanda tək islam dini qurumları fəaliyyət göstərmir. Digər dini qurumlar da var. Belə çıxır ki onlar hesabat verməməlidir? Bu aydınlaşdırılmalıdır”.

Qüdrət Həsənquliyev isə bəyan edib ki, Azərbaycanda dini ekstremizmi gücləndirmək istəyən qüvvələr var. “Biz QMİ-nin statusunu tanımalıyıq”, - deyən deputat bildirib ki, “Quran”a görə icma yaratmaq təfriqəçilikdir: “Əgər düz adamsansa, başqa məqsədlər güdmürsənsə, get cümə günləri namazını qıl. Sonra da başqa işlərini gör”. Q. Həsənquliyev müsəlman ölkələri olan Türkiyə və İranı ittiham edib: “Biz Türkiyədə “niyə Ermənistanla sərhədləri açırsınız” söyləyəndə onlar deyirlər ki, siz niyə məscidi bağlayırsınız? Baxın görün Ermənistanda nə qədər türk maşını var. Bu gün işğalçı Ermənistanı ayaq üstdə saxlayan Rusiya deyil, Türkiyə və İrandır”.

Musa Qasımlı isə çıxışında yeniyetmələrin xaricdə din təhsili almağa göndərildiyini xatırladıb: “Onlar geri qayıtdıqdan sonra ölkə üçün təhlükə yaradacaqlar. Başqa bir problem dini kitabların nəşridir. Nəşriyyatlar öz xeyirləri üçün müxtəlif dini kitabları nəşr edirlər”.

Siyavuş Novruzov dini təşkilatların nə üçün Azərbaycan xalqına məxsus geyimlərdən istifadə etmədiklərini soruşub: “Azərbaycan bu sahədə İran sistemini tətbiq etməməlidir, dindarların səliqə-səhmanlı geyim forması olmalıdır”. S. Novruzov Gürcüstanda müsəlman dini icmasının yaradılması məsələsinə də toxunub və bununla bağlı Azərbaycan Milli Məclisinin Gürcüstan parlamentinə müraciət ünvanlamasını vacib sayıb: “Gürcüstana müraciət olunmalıdır. Yer adlarını dəyişdiniz dinmədik. İndi də orada özlərinə sərf edən icma yaradacaq, bir dələduzun birini gətirib qoyacaqlar icma rəhbəri. Sonra biri də Dağıstanda belə addım atacaq. Belə addımlara son qoyulmalıdır”.

QMİ sədr müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli çıxış edərək qanuna dəyişiklikləri müsbət sayıb.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.  

  • Yazılıb
  • da (də) 2011 Jun 11