Tarix : 2011 Jun 12
Kod 23336

Erməni jurnalistin çağırışı Azərbaycanda əks-səda doğurub

Millət vəkili: ''Qarabağ erməniləri hərbi xuntaya qarşı çıxsa, Azərbaycan tərəfindən böyük dəstək alacaq''
wellpromised/Aran agentliyi

Kazan görüşü ərəfəsində erməni jurnalistinin - “Azərbaycan Qarabağ ermənilərinə öz əhalisi kimi baxmalıdır” fikri bir tərəfdən mühüm layihələrdən təcrid olunan ermənilərin reallığı nəhayət ki, düzgün qiymətləndirməsidirsə, digər tərəfdən münaqişənin nizamlanması ilə bağlı Ermənistanda fikir ayrılığından xəbər verir. Azərbaycan ictimaiyyəti isə Ermənistanın bu mesajını ermənilər arasında Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli zərurətini anlayanların öz səslərini ucaltmağa başlaması kimi qiymətləndirir.
Xatırladaq ki, bu fikri Ermənistanın məşhur jurnalisti A. Manvelyan, özü də Ermənistanın yaxın qonşu və dostu sayılan ölkənin - İranın “Səhər-2” telekanalı vasitəsilə deyib. Erməni ziyalısının Azərbaycanın Dağlıq Qarabağ əhalisinə öz xalqı kimi baxmasına yönəlik çağırışı Azərbaycan ictimaiyyətində də əks-səda doğurub.
Millət vəkili Sabir Rüstəmxanlı hesab edir ki, iqtisadi çətinliklərdən narazı olan ermənilər Dağlıq Qarabağın Ermənistanla birləşməyin sərfəli olmadığını anlayırlar. Onun sözlərinə görə, Dağlıq Qarabağın erməni əhalisi təbii ki, Bakıdakı inkişafdan, Bakının imkanlarından faydalanmaq istəyir: “Bu mənada onlar Azərbaycanın tərkibində olmağının üstünlüklərini kifayət qədər aydın görürlər. Azərbaycanın ərazi bütövlüyü tətbiq olunandan sonra Azərbaycanda qalan ermənilərə digər xalqlar kimi bərabər hüququ tanınacaq və onlar Azərbaycanın Milli Məclisinə seçkilərdə, ümumiyytələ Azərbaycanın idarəçiliyində qanunlarımız daxilində fəaliyət göstərəcəklər”.
Millət vəkili Qüdrət Həsənquliyev isə bu fikirdədir ki, hazırda 30 minə qədər erməninin Bakıda yaşaması və onlara qarşı heç bir ögəy münasibət göstərilməməsi Azəbaycanın onsuz da sülh məramından xəbər verir. Bununla yanaşı Dağlıq Qarabağın dinc əhalisi də bu gün Azərbaycan respublikasının vətəndaşlarıdır: “Azərbaycan bu gün də bəyan edir ki, Dağlıq Qarabağda yaşayanlar bizim vətəndaşlarımızıdır və biz onlara geniş muxtariyyət statusu verməyə hazırıq. Onlar Azərbaycanın tərkibində firavan yaşaya bilərlər. Müharibə başa çatandan sonra, Dağlıq Qarabağ üzərində öz suveren hüququmuzu bərpa etdikdən sonra oranı firavan və abad bir bölgəyə çevirəcəyik. Ermənilər də azərbaycanlılarla bərabər firavan yaşayacaqlar”.
Millət vəkili Fazil Mustafa isə bildirir ki, Dağlıq Qarabağda yaşayan ermənilərin əksəriyyəti oradakı hərbi qruplaşmanın girovlarıdır. Onlar bu şəraitə qarşı çıxsalar, Azərbaycan tərəfi öz vətəndaşlarına himayədarlıq edəcək. Deputatın sözlərinə görə, Azərbaycan hesab etmir ki, təkcə Qarabağdan Azərbaycan əsilli vətəndaşlar qaçqın vəziyyətinə salınıb. Belə ki, işğal nəticəsində həm də orada olan digər vətəndaşlarımız girov götürülüb: “Onlar hərbi xuntanın əlində girovdur. Onlar buna qarşı çıxarlarsa, Azərbaycan tərəfindən böyük dəstək alacaq və Azərbaycan öz vətəndaşlarını istənilən ərazidə qorumağa özünə bir mənəvi borc kimi baxır”.
Deputatların fikrincə, məhz Azərbaycanın işğal altındakı əraziləri azad olunduqdan sonra Dağlıq Qarabağ ermənilərinin bütün vətəndaş hüquqları tanınacaq. 

  • Yazılıb
  • da (də) 2011 Jun 12