wellpromised/Aran agentliyi
“Əvvəlki görüşlərlə müqayisədə Kazan görüşü ərəfəsində müəyyən fərqli cəhətlər müşahidə olunur: Minsk Qrupu həmsədr dövlətlərinin prezidentlərinin bəyanatında əvvəlki bəyanatlardan fərqli məqamlar vurğulanıb. Amma görünən odur ki, hazırkı mərhələdə Ermənistan öz işğalçı siyasətindən imtina etmək fikrində deyil".
Müsavat Partiyasının başqanı İsa Qəmbər bu fikirləri prezidentlərin Kazan görüşündəki gözləntilər haqqında danışarkən bildirdi. Partiya sədri bəzi ekspertlərin nikbin bəyanatlarını bölüşmür və rəsmi Bakının güzəştə gedəcəyini güman etmir: “Hesab edirəm ki, Azərbaycanın torpaqlarından imtina etmək fikri ola bilməz. Ona görə də önəmli bir dəyişiklik olacağını düşünmürəm. Amma ola bilər hansısa sənəd olsun ki, o sənəddə hər tərəfin öz xeyrinə yoza biləcəyi ümumi ifadələr əksini tapsın”.
Ümid Partiyasının sədri İqbal Ağazadə hesab edir ki, Kazan görüşü əvvəlki görüşlərdən fərqli olaraq tərəflər üçün yeni bir mərhələnin başlanğıcı olacaq: “Ermənistan danışıqlarda neqativ mövqe sərgiləyərsə, təzyiqlər ona doğru istiqamətlənəcək. Azərbaycan bu proseslərdə qazanan tərəf kimi ola bilər. Çünki hər zaman təqdim olunan variantlardan Ermənistan imtina edib. Ona görə də Azərbaycan tərəfi bu gün özünü daha çox Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində fokslaşdırıb”. İ.Ağazadə dedi ki, Kazan görüşü münaqişənin həlli ilə bağlı yeni bir siyasətin başlanğıcı ola bilər.
ADP sədri Sərdar Cəlaloğlu ilk növbədə onu qeyd etdi ki, hansısa münaqişənin danışıqlar yolu ilə həllində demokratik prosedurlar da unudulmamalıdır: “Deyək ki, bu məsələ demokratik yolla həll olunursa, birinci növbədə hər iki tərəf öz vətəndaşlarına problemin həll variantları ilə bağlı birmənalı şəkildə məlumat verməlidir. Bu məsələ ictimai müzakirədən keçəndən sonra hakimiyyət tərəfindən mövqe kimi dəyərləndirilməlidir. Əks halda, hakimiyyətdə olan bir qüvvənin bütün millətin və xalqın taleyi ilə bağlı nəyisə həll etməsi hüquqi prosedur ola, belə bir vəziyyətdə qəbul olunan qərarlar isə uzunömürlü ola bilməz. Əgər cəmiyyətdə hər hansı razılaşma olmadan hansısa qrup hansısa sazişə imza atırsa, bu, Azərbaycanda hakimiyyətə gəlmək şansı olan-olmayan qüvvələr üçün öhdəlik yarada bilməz. Onda istənilən an həmin sazişə yenidən baxıla bilər. Dünyada prosedur belədir. Bu kimi məsələlər ölkədə ictimai müzakirəyə çıxarılmalı və müzakirələrin nəticəsi olaraq iqtidar bütün millətin adından çıxış edib qərarlara imza atmalıdır. Əks halda, imzalanan saziş yalnız bir partiyanın mövqeyi ola və həmin partiya üçün öhdəlik yarada bilər”.
Konkret halda isə ADP sədri ciddi qərarın qəbulunu gözləmir: “Ola bilsin ki, 17 illik ətalətdən sonra hansısa addım atılsın. Ancaq hər halda problemin həlli istiqamətində fundamental dəyişikliklərin olacağına ümidim çox azdır. İndiyədək gedən proseslər problemin hansısa şəkildə həll olunacağını deməyə əsas vermir”.
musavat