Tarix : 2011 Jun 13
Kod 23373

Birinci xanımların oynaş gizlinləri

Leyla Bin Əlinin keçmiş xidmətçisi: “Ölkəni cadu ilə idarə edirdi, ərinə sadiq deyildi və onu nəzarətdə saxlamaq üçün...”
wellpromised/Aran agentliyi

Leyla Bin Əlinin keçmiş xidmətçisi: “Ölkəni cadu ilə idarə edirdi, ərinə sadiq deyildi və onu nəzarətdə saxlamaq üçün...”

"Bin Əli evdə də, Tunisdə də heç bir gücü olmayan müqəvva idi"

Tunisin devrilmiş diktatoru Zeynal Abidin Bin Əlinin arvadı, “qorxunc kraliça” adını qazanan Leyla Trabelsinin 23 il xidmətçisi olmuş Lütfi Bin Şruda xatirələrini kitab halında çap etdirib.

“Bir kraliçanın kölgəsində; Leyla Bin Əlinin xidmətçisi idim” adlı kitabda Şruda xalq üsyanı ilə yıxılan xanədanda şahidi olduğu çirkin olaylardan bəhs edir.

Müəllif “Hər şeyi gözlərimlə gördüm” deyə yazır və uzun illər Tunisə hökmranlıq etmiş ailə hakimiyyətinin gerçək mahiyyətini canlandırır. Kitabda yazılanlar bir vaxtlar Tunisin “xilas mələyi” kimi təbliğ olunan Leyla Trabelsi Bin Əlinin qəddarlığını, düşkün həyat keçirdiyini və qara magiyadan necə istifadə etdiyini üzə çıxarır.

***

Şruda yazır ki, Leyla öz ailəsindən başqa heç kimi bəyənməyib. Hətta əri Bin Əlini də. O, öz əri və evdəki xidmətçilərlə kölə kimi davranıb.

Cadu, siah və narkotikdən istifadə, korrupsiya, oğurluq sarayın gündəlik yaşamının bir parçası olub.

Xidmətçinin yazdıqlarına görə, Leyla Trabelsi ərinə sadiq olmayıb və onu istədiyi kimi nəzarətdə saxlamaq üçün qara magiyadan istifadə edib. Ümumiyyətlə Leyla magiyaya inanıb və bundan ölkənin də idarə olunması üçün mütəmadi bəhrələnib. “Mərakeşdən, Seneqaldan və Malidən qara qüvvəli cadügərlər gətirirdi. Sadəcə sarayı deyil, ölkəni də cadu ilə idarə edirdi. Bin Əli evdə də, Tunisdə də heç bir gücü olmayan müqəvva idi. Saraydan çıxan tək söz ya həbsxanada, ya da məzarda bitərdi. Bunu bütün işçilər bilir və çox qorxardı. Heç mərhəməti yoxdu”, - deyə Şruda özünün 23 illik “sahibəsi” Leyla haqqında yazır.

***

Kitabda Leyla Bin Əlinin inqilabdan sonra Kanadaya qaçan qardaşı Bilhəsən Trabelsi haqqında da qeydlər var. Müəllif yazır ki, Leylanın qardaşı sarayda böyük güc sahibi idi, kimin mülkünü istəsə əlindən alardı, nə istərsə edərdi. Xidmətçinin yazdığına görə, Bilhəsən onun da Sidi Bou Saiddəki evini əlindən alıbmış.

***

Şruda yazır ki, Leyla Bin Əli tez-tez sarayda cadu etmək üçün bəzi heyvanları, xüsusilə buqələmunları diri-diri yandırırdı. Əri Zeynal Abidinin hətta nə qədər pul xərcləməsini də ciddi nəzarətdə saxlayıb. “Prezidentimiz bəzən kassadan gizlicə pul çıxarırdı. Bunu bizdən gizlətmirdi, amma arvadına söyləməməyimizi istəyirdi. Maaşlarımız kağız üzərində şişirdilirdi, amma bizə verilən əmək haqları ilə yalnız səfalət içində yaşamaq olardı. Leyla Trabelsi bir dəfə ərinin xəstələnməsinə görə həkimləri gözləmədən saray mətbəxində çalışanları onu zəhərləməkdə ittiham etmişdi”, deyə Leylanın 23 illik xidmətçisi yazır.

***

Leyla Trabelsini çox yaxşı tanıdığını qeyd edən keçmiş xidmətçi onun daha sonra haqqında “Əminəm ki, indi çox böyük acı çəkir. İşgəncə verdiyi, gələcəklərini qaraltdığı bu gəncliyin ayağa qalxacağını heç gözləmirdi. Heç yıxılmayacaqlarmış kimi yaşayırdılar...” deyə yazır. Müəllif kitabını Bin Əli xanədanını yıxan inqilabın qəhrəmanı Tunis gəncliyinə ithaf etdiyini yazır.

(Leyla Bin Əlinin həyatı bütün birinci xanımlar üçün dərs olmalıdır)

Azadlıq

 

  

  • Yazılıb
  • da (də) 2011 Jun 13