Bu gün Moskvada Azərbaycan Respublikası , Ermənistan və Rusiya Xarici İşlər Nazirlərinin görüşü olub
wellpromised/Aran agentliyi
Bu gün Moskvada Azərbaycan Respublikası , Ermənistan və Rusiya Xarici İşlər Nazirlərinin görüşü olub.
Görüşün Qarabağ münaqişəsinə dair yeni sənədin prezident İlham Əliyev və Serj Sərkisiyannın 25 iyunda Rusiyanın Kazan şəhərində imzalamsı üçün hazırlanması ilə bağlı olduğu deyilir. Sənədin təfərruatı rəsmən açıqlanmasa da, Rusiya və erməni mənbələri onun bəzi detallarına toxunub, sənədin Qarabağ məsələsinin həllində baza prinsipləri özündə cəmləşdirdiyini yazıblar.
Baza prinsipləri kimi təqdim edilən sənəddə yer alan prinsiplərdən biri də Dağlıq Qarabağa referenduma qədər aralıq statusun verilməsidir.
Erməni mənbələri dünən bu prinsip barədə bəzi detalları yayıb. Orada deyildiyinə görə, aralıq status Dağlıq Qarabağ ermənilərinin öz siyasi, iqtisadi və təhlükəsizlik məsələlərini təmin etməsini nəzərdə tutur. Bu statusa görə Dağlıq Qarabağ əhalisi yerli hakimiyyət orqanlarını seçkilər yoluyla formalaşdıracaq, onların rəsmiləri xarici əlaqələrə girə biləcək. Madrid sənədinə görə Dağlıq Qarabağın "aralıq hakimiyyəti" ATƏT-in sessiyalarına qatıla biləcək. Ancaq o halda ki, birbaşa Dağlıq Qarabağa aid məsələ müzakirə edilsin. Həmçinin Dağlıq Qarabağa imkan veriləcək ki, üzvlük üçün müstəqil dövlət statusu tələb edilməyən beynəlxalq qurumlara daxil olsun. Aralıq statusuna görə Dağlıq Qarabağa xarici ölkələrdən və beynəlxalq təşkilatlardan birbaşa maliyyə yardımları daxil ola biləcək.
Aralıq statusun bu detallarından da göründüyü kimi, erməni separatçıları hazırda malik olduqları qurama "müstəqillikdən" daha irəli imkanlar əldə edirlər. Azərbaycan tərəfinin Dağlıq Qarabağa verilməsi nəzərdə tutulan aralıq statusa dair hansı şərtlər irəli sürdüyü məlum deyil. Lakin belə görünür ki, bu aralıq status Dağlıq Qarabağın daha sonra referendumla Azərbaycandan birdəfəlik qoparılmasına hesablanıb