“Qarabağ danışıqlarında irəliləyiş əldə olunub. Bəzi məsələlərdə döğrudan da yaxınlaşma var, amma bəzi məqamlar hələ də açıq qalır”
wellpromised/Aran agentliyi
“Qarabağ danışıqlarında irəliləyiş əldə olunub. Bəzi məsələlərdə döğrudan da yaxınlaşma var, amma bəzi məqamlar hələ də açıq qalır”. “525-ci qəzet”in xəbərinə görə, bu sözləri üç ölkənin Kazan görüşü ərəfəsində Azərbaycan XİN-i Elmar Məmmədyarov bildirib. Açıqlamalara münasibət bildirən siyasi şərhçi Azər Rəşidoğlu Deyerler.org-a prosesi belə şərh etmişdir: “Mən guman etmirəm ki, bu görüşdə hansısa bir irəliləyiş olub və əhəmiyyətli bir sənəd də imzalanıb (XİN-lərin son Moskva görüşü nəzərdə tutulur, - red.). Sadəcə olaraq bu görüş Kazan görüşü öncəsi bir məşq idi. Kazan görüşü də Rusiyanın himayədarlığı altında keçirildiyinə görə orada əsas aparıcı fiqurların maraqları təmin olunmadığından hansısa əhəmiyyətli sazişin imzalanmasını gözləmək mümkün deyil. Həmsədrlərin bu yaxınlarda regiona səfəri zamanı xarici işlər naziri Elmar Məmmədyarov da demişdi ki, həmsədrlər yeni bir təkliflə gəlməmişdilər. Burada söhbət "Yol xəritəsi" və bu "Yol xəritəsi"nə uyğun olaraq sazişin bağlanmasından gedirdi. Amma Elmar Məmmədyarov bildirmişdi ki, əhəmiyyətli bir saziş imzalanmayacaq. Çünki bu, Soçi görüşündən sonra aparılan danışıqların nəticəsi idi. Sadəcə olaraq Novruz Məmmədov o zaman bildirdi ki, əsas baza prinsipləri əsasında razılaşma əldə olunub, ona görə də hansısa saziş imzalana bilər. Buna isə istər rəsmi Bakı, istərsə də rəsmi İrəvanın mövqeyi birmənalı oldu ki, hansısa əhəmiyyətli bir sazişin imzalanması gözlənilmir. Sadəcə olaraq, o "Yol xəritəsi"ndə yaxın yarım və ya bir il müddətində sənədlərin hazırlanmasından söhbət gedirdi. Bu da növbəti dəfə vaxt udmaqdan başqa bir şey deyil. Mən güman etmirəm ki, Kazanda hansısa saziş imzalansın. Ümumiyyətlə müzakirə olunan sənədlər Böyük Səkkizliyin Kanadada qəbul etdiyi sənədlər idi və orada yeni bir sənəd yox idi. Bu da işğalçı qoşunların Qarabağ ərazisindən çıxarılması, kommunikasiya və yolların açılması və daha sonra isə həmin bölgəyə sülhməramlıların yerləşdirilməsindən ibarət idi. Göründüyü kimi, burada heç bir təzə sənəd imzalanmamışdı. Ona görə də mən hesab etmirəm ki, Kazanda hansısa yeni bir saziş imzalanacaq”.
deyerler.org