Tarix : 2011 Jun 15
Kod 23418

İlham Əliyev üçün mühüm şans yaranıb

19 iyun mitinqinin müxalifətdən çox, hakimiyyət üçün əhəmiyyəti nədən ibarətdir?
wellpromised/Aran agentliyi

19 iyun mitinqinin müxalifətdən çox, hakimiyyət üçün əhəmiyyəti nədən ibarətdir?

Beynəlxalq birliyin Azərbaycana diqqəti artmaqdadır. Azərbaycanda səfərdə olan Isveçin xarici işlər naziri Karl Bildt müxalifət liderləri ilə görüşüb. Görüşdə Azərbaycanın Avropa Birliyi və Avropa Şurası ilə münasibətləri, rəsmi Bakının bu qurumlar qarşısında götürdüyü öhdəliklərə əməletmə səviyyəsi müzakirə olunub.

Xatırlatmağı borc bilirik ki, Azərbaycan hakimiyyəti son üç ayda AB qarşısında götürdüyü öhdəliklərin icra olunmamasındakı stasionarlığı pozaraq geriyə kəskin addımlar atıb. Buraya kütləvi aksiyaların qadağan olunmasından tutmuş, dinc nümayişçilərə dolayı maddələrlə cinayət işlərinin açılması və onlarla fikir müxtəlifliyinə sahib siyasi fəalın həbs olunması daxildir. Bu görüşün başqa bir əhəmiyyəti isə odur ki, artıq Avropa Birliyi ölkələri səfirləri müxalifətlə təmaslarından sonra ikinci mərhələyə qədəm qoyurlar. Bu o deməkdir ki, Isveç hökuməti Azərbaycanda demokratiyanın mövcud olmasında sadəcə deklorativ fikrə sahib deyil, həm də bu prosesin təşkil olunmasında Azərbaycan xalqına dəstəyini verə bilər.

Müzakirə mövzularından biri də “Eurovision-2012"-nin ölkə üçün əhəmiyyətli hadisə olması olub. Isveçli nazir belə deyib: ”"Eurovision-2012"nin Azərbaycanda keçirilməsi ölkə üçün şansdır və hadisə ölkədə islahatlara təkan verə bilər". Bu fikirlərə əsaslanaraq demək olar ki, Avropa Birliyi ölkələri Azərbaycanın bütün mənalarda bu yarışmanın standartlarına yaxınlaşmasına çalışacaqlar. Bu mənada ölkədə ciddi siyasi yumşalmanın gözlənildiyini demək olar. Sözügedən proseslərin sürətlənməsi üçün isə vətəndaş fəallığının ciddi dəstəyinə ehtiyac var. Bu mənada 19 iyun mitinqinin hakimiyyət üçün əhəmiyyəti müxalifət üçün əhəmiyyətindən daha çoxdur. Bir sözlə, iqtidar ilk addımını bu mitinqə müvafiq meydan verməklə ata bilər. Bu addım həm də AB-nin xarici əlaqlər komissarı Ketrin Eştonun səfəri öncəsi ciddi irəliləyiş sayıla bilər. Yeri gəlmişkən, iyunun 15-də ABŞ Dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müavini Tomas Melia (Thomas O.Melia) Azərbaycana gələcək. Hakimiyyətin daha bir şansı var ki, islahatlara doğru addımlarla özünün beynəlxalq aləmdə itmiş tarazlığını bərpa etsin və ölkədə yumşaq keçid prosesi başlasın.

Nəzərə alsaq ki, ABŞ diplomatının birbaşa vəzifəsi insan haqları və demokratiya məsələləridir, Azərbaycan hökuməti gərək bu səfərə də ciddi yanaşsın. Hər halda rəsmi Bakı əlindəki imkanları düzgün dəyərləndirə bilsə, ölkə üçün çox mühüm proseslər başlaya bilər.

Indi hamı başa düşməlidir ki, Azərbaycan ya ATƏT məkanındaki demokratik inkişaf yolunu, ya da ərəb ölkələrindəki qarşıdurma ssenarisini seçə bilər. Bu seçimin sahibi və məsuliyyət daşıyanı isə Azərbaycan hökumətidir. Birinci seçim olarsa, heç kim itirmir, əksinə, hər kəs qazanır. Xüsusilə dövlət öz problemlərinin həllində beynəlxalq dəstəyi daha rahat qazana bilir. Ikinci halda isə hamı itirir, başlıca olaraq xalq və siaysi tərəflər. Nəticədən asılı olmayaq bizim üçün daha məqbul olanı xalqın iradəsinə hörmət etməklə demokratik keçidə dəstək vermək və iştirakçı olmaqdır.

/news/Azadliq

  

  • Yazılıb
  • da (də) 2011 Jun 15