Qəbələ RLS-in Rusiyaya icarəyə verilməsinin müddəti gələn il başa çatır. Ancaq Azərbaycan indidən RLS-in icarəsi ilə bağlı yeni şərtlər irəli sürüb
wellpromised/Aran agentliyi
Qəbələ RLS-in Rusiyaya icarəyə verilməsinin müddəti gələn il başa çatır. Ancaq Azərbaycan indidən RLS-in icarəsi ilə bağlı yeni şərtlər irəli sürüb.
Bunu Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun mətbuata verdiyi açıqlama da sübut edir. Araz Əzimovun sözlərinə görə, Azərbaycan ilk növbədə Qəbələ RLS-in icarəsi ilə bağlı haqları artıracaq. Buna paralel olaraq Azərbaycan bəzi təkliflərlə də çıxış edib. Rəsmi Bakı ilk növbədə Qəbələ RLS-in ətraf mühitə vurduğu ekoloji ziyanın azaldılmasını və bu məqsədlə stansiyanın işinin yenidən qurulmasını, ətraf mühitə dəyən zərərin ödənilməsini, stansiyada işləyən azərbaycanlıların sayının artırılmasını, hərbçilərin və onların ailələrinin məskunlaşdıqları şəhərcikdəki iaşə obyektlərinin azərbaycanlılara verilməsini Moskva qarşısında qaldırmaq niyyətindədir.
Azərbaycan eyni zamanda stansiyaya verilən enerjinin satış qiymətinin artırılmasını da Rusiya qarşısında qaldıracaq.
APA-nın diplomatik mənbələrə istinadən verdiyi məlumatına görə, hazırda yeni müqavilə üzərində iş gedir. Əgər Rusiya tərəfi bu şərtləri qəbul etsə, onda gələn ilin fevral-mart aylarında Qəbələ RLS-in icarəsi ilə bağlı iki ölkə arasında yeni anlaşma imzalanacaq.
Onu da deyək ki, Rusiya əvvəlcə bu stansiyanı ABŞ-la birgə işlətməyi nəzərdə tuturdu. Ancaq iki ölkə bununla bağlı ortaq məxrəcə gələ bilmədi. Ötən il isə Rusiya Müdafiə nazirliyinin yüksək səviyyəli bəzi əməkdaşları Qəbələ RLS-dən istifadəyə ehtiyac olmadığı barədə açıqlamalar vermişdilər. Ancaq bir müddət əvvəl Rusiya Qəbələ RLS-in yenidən icarəsi ilə bağlı Azərbaycanla danışıqlar masası arxasında oturacağını bəyan etdi.
Xatırladaq ki, 1985-ci ildə istifadəyə verilən Qəbələ RLS 6 min kilometrlik məsafəni nəzarət altında saxlamaq imkanına malikdir. Azərbaycan 2002-ci ildə Qəbələ RLS-in Rusiyaya icarəyə verilməsi ilə bağlı Moskva ilə 10 il müddətinə anlaşma imzalamışdı.
Zaman Azerbaycan