Ermənistan müxalifət lideri Levon Ter-Petrosyan hakimiyyətdən dialoqun sürətləndirilməsini tələb edib
well/Aran agentliyi
Ermənistan müxalifət lideri Levon Ter-Petrosyan hakimiyyətdən dialoqun sürətləndirilməsini tələb edib.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, Ermənistanın prezidenti Serj Sarkisyan müxalif Erməni Milli Konqresinə başlanmış dialoq prosesini “birgə səylərlə qoruyub saxlamaq və irəli aparmağı ” təklif edib.
Ermənistan prezidentinin mətbuat xidməti tərəfindən yayılan məlumata görə, Serj Sarkisyan qeyri-parlament müxalifəti ilə mükalimə məsələsindən danışıb.
Xatırladaq ki, Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi irəli sürdüyü - müxalifətin Azadlıq meydanında aksiyalar təşkil etmək qadağasının ləğv edilməsi, 10 adamın ölümü, 200-dən çoxunun yaralanması ilə nəticələnmiş 2008-ci il martın 1-2-si iğtişaşları ilə bağlı yenidən əsaslı istintaqa başlamaq və siyasi məhbusları azad etmək - tələbləri yerinə yetirildikdən sonra hakimiyyətlə dialoqa başlamağa hazır olduğunu bildirib. Müxalifət hətta danışıqlar aparmaq üçün 5 nəfərdən ibarət nümayəndə heyəti tərtib edib.
Ter-Petrosyan qeyd edib ki, dialoqun gündəliyində növbədənkənar parlament və prezident seçkilərini keçirmək məsələsi durmalıdır, lakin Konqres iqtidarın gündəliyini və təkliflərini də nəzərə ala bilər.
İqtidarın müxtəlif nümayəndələri növbədənkənar seçkilər məsələsini müxalifətlə müzakirə etməyə ehtiyac olmadığını bəyan etsələr də, radikal müxalifət şəxsən prezidentin cavabını gözləyirdi.
Serj Sarkisyan 2008-ci ildə hakimiyyət başına gəldikdən bəri movcud problemləri dialoq yolu ilə həll etmək üsulunu seçdiyini və “xalqın qayğıları ilə yaşayan və ölkənin inkişafı haqqında düşünən” qüvvələrlə əməkdaşlığı yeganə məntiqi və məqbul yol hesab edildiyini bildirir. O, hakim koalisiya partiyaları ilə parlamentdə təmsil olunan partiyalar – Daşnaksytun və Jaranqutyun (İrs) – arasında əməkdaşlıq mexanizmlərinin də öz hakimiyyəti tərəfindən formalaşdırıldığını qeyd edərək, “Erməni Milli Konqresi ilə də dialoqun təşəbbüsçüsü ” olduğunu bildirib.
“Əgər Erməni Milli Konqresi, xalqımızın qayğıları və ölkədə mövcud olan çoxsaylı problemlərdən yalnız seçkilər maraqlandırır, parlamentin sədri həmin siyasi strukturun rəhbər heyətinin nümayəndələrini şəxsən qəbul etməyə və dinləməyə hazırdır. Onların tərəfindən həmçinin iqtisadiyyatımızın inkişafına və ölkənin sosial problemlərinin həllinə yönəldiləsi təkliflər irəli sürülərsə, baş nazir şəxsən onları qəbul edib müzakirə etməyə hazırdır. Prezidentin müdaxiləsini tələb edən suallar olarsa, Prezident Administrasiyasının rəhbəri qəbul edib müzakirə edə bilər”, - deyilir Ermənistan prezidentinin müraciətində.