Azərbaycan Respublikası xalqının Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhadətindən bir il ötür
well/Aran agentliyi
Azərbaycan Respublikası xalqının Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhadətindən bir il ötür.
Şəhid qəhrəmanın II Fəxri Xiyabandakı məzarı müsəlman əhali nümayəndələri, media təmsilçiləri, mərhumun yaxınları tərəfindən ziyarət olunur.
1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olmuş Mübariz Ağakərim oğlu İbrahimov 18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində Tərtərdə cəbhə xəttində təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçib, Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edib. Sonra isə işqalçıların öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşüb. Işqalçıları ağır itkilərə məruz qoyan Mübariz İbrahimov səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.
Mübariz İbrahimov valideynlərinə yazdığı son məktubunda bu addımı könüllü atdığını vurğulayıb: "Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin".
Şəhid Mübarizin ailəsinə başsağlığı verən xalqın onun atasının evinə axını başlayandan sonra Prezident İlham Əliyev isə şəhid Mübariz İbrahimova Milli Qəhrman adının verilməsiylə bağlı fərman imzalayıb.
Şəhidin atası Ağakərim İbrahimov bu haqda deyib: "Əslində mən bu bir il ərazində hər gün oğlum, Şəhid Seyyid Mübarizi yad etmişəm. Hər gün onunla yaşayıb, onunla ölmüşəm. Mənim üçün sabahkı günün əslində bu bir il ərzində olan günlərdən böyük bir fərqi yoxdur. Bir daha deyirəm mən hər gün Seyyid Mübarizi yad edirəm ".
Şəhidin atası oğlunun şəhadətinin ildönümü ilə bağlı Bakıya gəlib, gəlməməsilə bağlı suala cavabda deyib: " Bakıya gəlməyəcəm. Biz inşəallah Seyyid Mübarizin böyüyüb başa çatdığı Biləsuvarın Əliabad kəndində onun ildönümünü qeyd edəcəyik. Xalqımızdan Allah razı olsun ki, bu bir il ərzində Seyyid Mübarizi unutmadı!".